Rusiya yenə mülki əhalini vurdu - çox sayda ölən var

20.10.2015 03:14     Dünyadan reaksiya     1732

Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyanın liman şəhəri Lazqiyyənin şərqində olan Bişurfa kəndində çox sayda mülki əhalinin ölümü ilə nəticələnən hücum törədib. Reaksiya.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, əsasən müxaliflərin məskunlaşdığı Cəbəl əl Əkraq dağındakı Bişurfa kəndində həyata keçirilən bombardman zamanı 42 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücum nəticəsində xəsarət alanlar səyyar səhra xəstəxanalarına çatdırılıb, mülki müdafiə dəstələri bombardmanda uçan evlərin dağıntılarından sağ qalmış insan axtarır. 

Hadisənin şahidi olmuş Firas Xafavi rus qırıcılarının ilk bombardmandan sonra yaralılara köməklik edən mülki insanların üzərinə yenidən bomba yağdırdığını bildirib. Xafavi əsas itkinin ikinci hücumda baş verdiyini deyib:

“Rusiya qırıcıları Bişurfa kəndində mülki əhalini vurdu. Ruslar bölgəyə iki dəfə havadan hücum edib. İlk hücum zamanı ölənlər və yaralananlar oldu. Amma əsas hücum köməyə gələn mülki insanlara qarşı törədilən ikinci hücum oldu. İnsan tələfatı da bu zaman çoxaldı.” – deyə hadisənin şahidi qeyd edib. 

Şərhlər

Çox oxunanlar