Etirazçılar baş nazirin istefasını tələb ediblər

26.10.2015 02:13     Dünyadan reaksiya     1567

Monteneqro polisi gözyaşardıcı qaz tətbiq edərək bir neçə min nümayişçinin iştirak etdiyi aksiyanı dağıdıb.

Reaksiya.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, etirazçılar baş nazir Milo Djukanovic-in istefasını tələb ediblər.

Paytaxt Podgorica-da etirazçılar "Milo, oğru" şüarını səsləndirərək keçid höküməti tərəfindən təşkil olunması nəzərdə tutulan ədalətli seçkilərin keçirilməsini tələb ediblər.

Etirazçılardan bəziləri parlamenti qoruyan polisə fişəng və digər alovlanan maddələr atıb.

Polisin yaydığı xəbərə görə, 15 polis əməkdaşı yaralanıb, gözyaşardıcı qazın təsirinə məruz qalmış 24 etirazçı tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib.

Müxəlifətçi Demokratik Çəbhə təşkilatının lideri Andrija Mandic və etirazın daha bir lideri Slaven Radunovic aksiya başa çatandan sonra polis tərəfindən dindirilib.

Milo Djukanovic 1990-ci illərdən, Monteneqro hələ keçmiş Yuqaslaviya tərkibində olan dövrlərdən, ölkəyə rəhbərlik edən şəxslərdən olub.

2012-ci ildə o, seçkidə qalib gəldikdən sonra baş nazir olub.

Monteneqro 2006-cı ildə Serbiyadan ayrılıb müstəqillik qazandıqdan sonra Milo Djukanovic 3 dəfə ölkənin baş naziri olub.

Monteneqro höküməti ölkənin dekabr ayında NATO-ya qəbul olunacağına ümid edir.

Lakin Rusiya ilə tarixi bağlılığı olan ölkə əhalisi bu planların əleyhinədir.

Monteneqroda seçkilər 2016-cı ilin əvvəlində keçirilməlidir.

Şərhlər

Çox oxunanlar