Kürdlər Ərdoğana koalisiya şərti qoydu
18.06.2015 18:09 Dünyadan reaksiya 1701
Türkiyənin Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş koalisiya hökumətinə dəstək verəcəklərini açıqlayıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən kürdlərin partiyası olan HDP-nin lideri S.Dəmirtaş bu dəstəyin yalnız hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) onların şərtləri ilə razılaşacağı təqdirdə veriləcəyini deyib.
“Bizim üçün vacib olan məsələ problemlərin öz həllini tapmasıdır. Ona görə də bizim tələblərimiz də nəzərə alınsa, koalisiya hökumətinə kənardan dəstək verə bilərik. Birlikdə hökumət qursaq, bu, Türkiyə üçün də yaxşı olar, eyni zamanda iqtisadi təhlükəsizlik və sabitlik təmin olunar. HDP bəyan edib ki, həll prosesində hər cür güzəştə hazırdır. Cəmiyyət özü də bir koalisiya nümunəsidir. Müxtəlif fikirli insanlar bir yerdə yaşaya bilirsə, siyasətdə də fərqli düşünənlər ölkəni birlikdə idarə edə bilər” - deyə S.Dəmirtaş şərtini açıqlayıb.
S.Dəmirdaş hələ ki, koalisiya hökuməti ilə bağlı müzakirələr üçün rəsmi, ya da qeyri-rəsmi heç bir görüş keçirmədiyini vurğulayıb: “Bizim bütün partiyalara qapımız açıqdır. AKP sədri Əhməd Davudoğlu isə seçkiqabağı ritorikasından imtina etməlidir. Kobud ritorika AKP-nin məğlubiyyətinə səbəb olub, bundan dərs almaq lazımdır”.
Şərhlər