"Fətullah Gülənin həyatı saxtadır" - İlahiyyatçı alim
26.10.2015 13:11 Dünyadan reaksiya 2241
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı "Bizə saxtakarları, təlxəkləri din alimi kimi təqdim etmək istədilər. Biz bu çirkli oyunu pozduq" deyib.
Reaksiya.az Ərdoğanın bu sözləri ilə kimləri nəzərdə tutduğunu müəyyənləşdirmək üçün ilahiyyatçı alim Aqil Ələsgərlə əlaqə saxlayıb.
O, Ərdoğanın bu sözlərinin ünvanının bəlli olduğunu vurğulayıb:
“Çox təəssüf ki, Türkiyə müstəqilliyini ötən əsrin əvvəllərində qazansa da, xüsusilə Anadolu cahillik, şeyxə-xocaya mütləq itaətdən qurtulmayıb. Osmanlı dönəmində böyük dövləti nəzarətdə saxlamaq üçün tətbiq olunan siyasət Türkiyənin də bəlası oldu. Məsələn, bu gün bir çox kənddə seçicilərlə işləmək əvəzinə bir şeyxi, bir xocanı, bir əşirət ağasını "görmək" kifayətdir ki, o kəndin səsləri alınsın. Ərdoğanın Fətullah Güləni nəzərdə tutduğu aşkardır. Amma təkcə Gülən deyil, bütün dini camaatları siyasətdən kənarda saxlamaq, seçici ilə birbaşa münasibət yaratmaq lazımdır”.
İlahiyyatçı alim Ərdoğanın bu fikirlərinə haqq verdiyini də bildirib:
“Gülənin saxtakarlığına gəlincə, bu adamın həyatı saxtadır. Ərdoğan o məsələdə haqlıdır. Bir adamın adı belə bir neçə dəfə dəyişdirilibsə, 15 günlük getdiyi müalicədən 15 ildən bəri qayıtmayıbsa, bu adamdan nə gözləmək olar? Eyni zamanda bu adama səhabə, İmam Mehdi kimi yanaşanlar bir tarixə, bir də Gülənə baxsınlar. Bunun həyatının hansı parametri Quran və Sünnəyə uyğundur? O barədə bir fikirə gəlsinlər, sonra digər məsələləri müzakirə edə bilərik".
Şərhlər