"Suriyada savaş azalmaq əvəzinə daha da şiddətlənir" - Politoloq rəyi
26.10.2015 17:23 Dünyadan reaksiya 2152
Xəbər verildiyi kimi, Avropa İttifaqı və Şərqi Avropa ölkələri arasında keçirilən qaçqın böhranı ilə bağlı sammitdə ümumilikdə 100 min nəfərlik yeni düşərgələrin yaradılması haqda qərar qəbul edilib.
Bu qərardan sonra regionda vəziyyətin necə olacağı, miqrantların sonrakı taleyi barədə politoloq Natiq Miri açıqlama verib.
O, Avropa İttifaqının bu vəziyyət qarşısında aciz qaldığını bildirib: “Göründüyü kimi, Avropa İttifaqı bu humanitar faciənin qarşısında acizdir. Üstəlik, 100 min nəfəri Avropada yerləşdirmək problem deyil, sadəcə Avropanı narahat edən məsələ miqrasiya səbəblərinin varlığı və getdikcə daha da şiddətlənməsidir. Hələlik isə bu səbəblərin aradan qaldırılması fəzada görünmür və bir müddət bu problemin davam edəcəyi dəqiqdir. Eyni zamanda Aİ onu da anlayır ki, miqrantları qəbul edib yerləşdirsələr, bu prosesin daha da geniş əhatədə davam edəcəyinə stimul vermiş olacaqlar. Ona görə də çıxılmaz bir vəziyyətdə qalıblar”.
Politoloq problemin həllində Türkiyənin əsas rol oynadığını vurğulayıb: “Problemin həlli Türkiyə ilə daha sıx bağlıdır. Çünki bu axının qarşısını ala biləcək bəlkə də tək ölkədir. Onun üçün də Türkiyənin Avropa İttifaqına üzvlük də daxil olmaqla bir çox istəklərini qəbul etmək məcburiyyətindədirlər. Onlardan biri də Suriya ərazisində təhlükəsiz bölgənin yaradılmasıdır. Əgər bu yöndə qətiyyətli addımlar atılarsa, bu problem minimuma enər və bütün problemlər də elə Suriyanın öz ərazisində həll olunar. Yəni, ərzaq təhlükəsizliyindən tutmuş hər şeyə qədər. Əgər AB-nin qərarların qəbul edilməsinə qətiyyəti çatmasa, çox ciddi humanitar faciə ilə üz-üzə qalacaqlar. Nəzərə almaq lazımdır ki, qabaqdan soyuq aylar gəlir və Suriyada savaş azalmaq əvəzinə daha da şiddətlənir”.
Şərhlər