Ermənistanı beş yerə bölürlər
19.06.2015 13:50 Dünyadan reaksiya 1910
Ermənistanda müzakirəyə çıxarılan yeni qanun layihəsi bu ölkənin beşdən artıq feodal dövlətə parçalanması ilə nəticələnəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Hraçya Qalustyan bu gün dərc edilmiş məqaləsində bildirib.
O, məqaləsində keçmiş İcevan, Dilican və Berd rayonlarını birləşdirən Tavuş vilayətinin Dilican icmasına sərmayə yatırımı barədə irəli sürülmüş qanun layihəsinə toxunub. Müxalifətçi deputat Nikol Paşinyanın sözlərini xatırladan müəllif bildirib ki, qanun layihəsi vilayətin şəxsi malikanə kimi oliqarx Ruben Vardanyana verilməsini nəzərdə tutur.
Hraçya Qalustyan bunun davamının olacağını da bildirir. Onun fikrincə, Sünik Surik Xaçatryana, Artaşat Ovik Abramyana, Malatiya-Sebastiya zonası Samvel Aleksanyana, Abovyan isə Qaqik Sarukyana verilə bilər: “Bu, baş verərsə, Ermənistan vətəndaşları heç zaman xoşbəxtliyin nə olduğunu bilməyəcəklər”.
“Bizdə məsuliyyətli məmurlar, hətta məsuliyyətli siyasətçilər yoxdur. Bizdə öz ölkəsinə öz mülkü kimi baxan feodallar var. Bizim feodallar hər şeylə yanaşı Ermənistandan çox Rusiyaya işləyirlər. Çünki bizim günlərdə onlara feodal quruluşu yaratmağa imkanı Kreml yaradıb”,- deyə məqalədə vurğulanır.
Şərhlər