Qorbaçova qəsdin ildönümü - 20 Yanvarın uğursuz qisası
07.11.2015 18:51 Dünyadan reaksiya 2169
Bu gün SSRİ-nin son rəhbəri Mixail Qorbaçova qarşı sadə vətəndaş tərəfindən təşkil olunmuş sui-qəsdin üstündən 25 il ötür.
Reaksiya.az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, 1990-cı il noyabrın 7-də Qırmızı Meydanda bayram nümayişi zamanı Leninqrad vilayətinin sakini, İşor zavodunun çilingəri olan 38 yaşlı Aleksand Şmonov Qorbaçovu öldürməyə cəhd eləmişdi.
Həmin vaxt Şmonovu psixiatrik xəstəxanaya yatıraraq, onun haqqında ictimaiyyətə geniş məlumat verməmişdilər. 1998-ci ildə sərbəst buraxılan, sonralar deputat olmağa çalışan Aleksandr Şmonov barəsində məlumatlar yalnız SSRİ dağıldıqdan sonra açıqlanmışdı.
5 noyabrda Leninqraddan Moskvaya gələn, 7 noyabrda isə tarixi bir təşəbbüsə əl atan Şmonov istintaqda Qorbaçovu şəxsi təşəbbüsü ilə öldürməyə çalışdığını, hələ martdan divarlara "Qorbaçovu öldürün!" çağırışlı vərəqələr yapışdırdığını etiraf etmişdi.
O, sui-qəsdin səbəblərini belə izah etmişdi: Qorbaçovun SSRİ-ni sosial-iqtisadi tənəzzülə sürükləməsinə, Tiflis və Bakıda kütləvi nümayişləri silah gücünə dağıtması və günahsız insanları öldürməsinə görə qisas alacaqdı. Bunu isə qanuni yolla aldığı ov tüfəngi ilə edəcəkdi. Lakin tüfəngin lüləsi çox kəsilmişdi, zirehli gödəkçə geyinən Mixail Qorbaçovu vursaydı da öldürə bilməzdi. Milis serjantı Mılnikov mane olur, güllənin biri QUM-un divarına dəyir, biri isə havaya uçur.
Həmin hadisədən sonra Qorbaçovun mühafizəsi gücləndirilir, lakin bu hadisə ötəri bir xəbər kimi yayımlanır. Maraqlıdır ki, bu barədə çox az insan məlumatlı olur, Qorbaçovun sui-qəsddən salamat qurtulması onun reytinqinə təsir etmir.
Şərhlər