Ölkələrin bir-biri ilə münasibətlərində emosianallığa yer verilməməlidir - Türkiyəli ekspert

11.11.2015 17:03     Dünyadan reaksiya     2262

"G20" (Böyük iyirmilik) sammitində ən çox Türkiyə və Rusiya prezidentlərinin görüşünün mövzusu maraq doğurur.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri (IAEE) Gürkan Kumbaroğlunun fikrincə, Türkiyə və Rusiya prezidentləri arasında xüsusilə, enerji sahəsində yaranan gərginlik müzakirə olunacaq.

G. Kumbaroğlu son dövrlərdə Türkiyə və Rusiyanın xarici siyasət və enerji başda olmaqla müxtəlif məsələlərdə fikir ayrılığı yaşadığını, amma bu görüşdə problemlərin həll olunacağına inandığını bildirib: "Rusiya ilə qaz məsələsində məhkəməlik olduq. "Türk Axını" layihəsində işlərin dayanması nöqtəsinə gəldik və nüvə stansiyasının tikintisilə bağlı hələ də bəzi qeyri-müəyyənliklər var. Amma Türkiyənin Rusiyaya möhtac olduğu düşüncəsinə qapılmaq doğru deyil. Bizim onlara olduğumuz qədər onların da bizə ehtiyacı var. Rusiyanın həm ən böyük müştərilərindən biri, həm də Avropaya satmaq istədiyi qazın ən mühüm ticarət vasitəçisi rolunu oynayırıq. Ölkələrin bir-biri ilə münasibətlərində emosianallığa yer verilməməlidir. Milli maraqlar və iqtisadi faydalar hər zaman əsas götürülməlidir. Türkiyə və Rusiyanın ortaq bir nöqtəyə gələcəyinə inanıram. Əgər görüşdə müqavilə imzalanarsa, hər iki ölkə üçün də uzunmüddətli, çox böyük nailiyyətlər əldə olunacaq".

Qeyd edək ki, noyabrın 15-16-ı  tarixlərində baş tutacaq "G20" sammitinə Türkiyə ev sahibliyi edir.

Şərhlər

Çox oxunanlar