Roma papası bu dəfə erməniləri pərt etdi
22.06.2015 16:31 Dünyadan reaksiya 1687
Aprel ayında işlətdiyi "soyqırımı" kəlməsi ilə türklərin qəzəbinə səbəb olan Roma Papası bu dəfə ehtiyatlı davranıb. ANS PRESS-in məlumatına görə, Papa Fransisk ötən gün gənclərlə bir araya gəlib.
Bu dəfə Papa 1915-ci il hadisələrindən danışarkən "soyqırım" sözü əvəzinə "böyük faciə" ifadəsini işlədib.
"Reuters"in məlumatına görə, silah sənayesinə, istehsalçılarına qarşı ən sərt tənqidləri səsləndirən Papa I və II dünya müharibəsi zamanında yaşananlara qarşı fikirlərini bir daha səsləndirib. O yəhudilərə qarşı törədilənləri Holokost soyqırımı adlandırıb, 1915-ci il hadisələri ilə bağlı isə ancaq "böyük fəlakət" deməklə kifayətlənib.
Papa silah istehsal edən və silaha sərmayə qoyan insanların özlərini xristian adlandırmasını ikiüzlülük kimi təqdim edib.
“Bu məsələ məni düşündürür... İnsanlar, müdirlər, iş adamları özlərinə həm xristian deyir, həm də silah istehsal edirlər. Bu etibarsızlığa səbəb olub. Elə deyil?".
Xatırladaq ki, Roma Papası aprel ayında qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən ayində 1915-ci il hadisələrini "XX əsrin ilk "soyqırımı"" adlandırmışdı. Bundan sonra Vatikanın Ankara səfiri XİN-ə çağrılıb və ona irad bildirilib. Daha sonra isə Türkiyə Vatikandakı səfirini məsləhətləşmələr üçün çağırmışdı. Baş nazir Əhməd Davudoğlu isə "bu açıqlama Papaya və tutduğu mövqeyə yaraşmadı" deməklə təəssüfünü dilə gətirmişdi.
Şərhlər