Avropa İttifaqı qonşuluq siyasətinin yeni istiqamətlərini müəyyən etdi

19.11.2015 10:53     Dünyadan reaksiya     1704

Noyabrın 18-də Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər, təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Qonşuluq Siyasətinin (AQS) icmalının əsas istiqamətlərini açıqlayaraq şərq və cənubdakı qonşularına münasibətdə ittifaqın yanaşmasını dəqiq izah ediblər.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, icmaldan sonra üzv dövlətlər, tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə geniş məsləhətləşmələr aparılıb.

Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Mogerini bildirib ki, Aİ-nin sərhədləri hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyi bir dövrdə qonşularla tərəfdaşlığın daha da güclənməsi ittifaq üçün vacib məsələdir: “Cümə günü Parisdə baş verən terror aktları, eləcə də Livan, Misir, Türkiyə və İraqda olan son hücumlar bir daha göstərib ki, biz qlobal səviyyəli təhlükə ilə üz-üzə gəlmişik və buna qarşı birləşmiş beynəlxalq ictimaiyyət mübarizə aparmalıdır. Biz birlikdə daha təhlükəsiz mühit qurmalı, ümumi regionda bir çox böhranları həll etməyə çalışmalı, ən kasıb ərazilərin inkişaf və rifahını dəstəkləməli, miqrasiyanın kökündə duran səbəbləri aradan qaldırmalıyıq. Bu, AQS-nın cari icmalında qoyulan məqsəddir ki, ümumi dəyər və maraqlarımızı təşviq edərək, tərəfdaşlarımızı həm də təhlükəsizlik məsələlərində əməkdaşlığın artmasına cəlb edəcək. Bu gün müəyyən edilmiş tədbirlər bizim və tərəfdaşlarımızın cəmiyyətlərinin möhkəmliyini və ümumi məqsədlər naminə birlikdə səmərəli şəkildə işləmək qüdrətimizi artırmaq üçün yollar axtarır”.

Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han isə qeyd edib ki, Aİ üçün ən təxirəsalınmaz çağırış qonşuluğunda sabitliyin olmasıdır: “Münaqişələr, terrorizm və radikallaşma hamımızı təhdid edir. Ancaq yoxsulluq, korrupsiya və zəif idarəçilik də təhlükə mənbələridir. Buna görə də həqiqətən ortaq olan birgə maraqlarımız baxımından zəruri yerlərdə tərəfdaşlarımızla münasibətlərimizdə istiqamətləri yenidən müəyyən edəcəyik. Xüsusilə də iqtisadi inkişafda əsas diqqəti gənclərin məşğulluğu və səriştə qazanması məsələlərinə yönəltmək vacibdir”.

Sabitləşmə, fərqləndirmə və yiyələnmə

Avropa Qonşuluq siyasətində sabitləşmə məsələsi bu mandatda əsas siyasi prioritet olaraq götürüləcək. Bütün tərəfdaşların Aİ qayda və standartlarına uyğunlaşmağa çalışmadığını qəbul edərək, hər ölkənin Aİ ilə tərəfdaşlığının mahiyyəti və əhatə dairəsi ilə bağlı onun arzularını əks etdirərək fərqləndirmə və daha çox qarşılıqlı yiyələnmə yeni AQS-nın sonrakı əsas elementləri olacaq. Aİ AQS vasitəsilə universal dəyərlərə sadiq qalaraq, onları təşviq etməyə davam edəcək, demokratiyanı, insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyini təşviq etmək üçün daha səmərəli yollar araşdıracaq.

Əsas sektorlar

Yeni AQS-da hərtərəfli iqtisadi və sosial inkişafın dəstəklənməsi istiqamətində səylər göstəriləcək; gənclər üçün iş imkanlarının yaradılması iqtisadi sabitləşmə üçün görüləcək əsas tədbirlərə daxil olacaq. Təhlükəsizlik sektorunda, xüsusilə münaqişənin qarşısının alınması, terrorizmlə mübarizə və anti-radikallaşma siyasəti sahəsində tərəfdaş ölkələrlə işin fəallaşması yeni fokus məsələ olacaq. Bir tərəfdən təhlükəsiz və qanuni mobillik, digər tərəfdən qanunsuz miqrasiya, insan alveri və insanların qeyri-qanuni şəkildə sərhəddən keçirilməsi digər prioritet məsələlərdir. Yekunda, tərəfdaşlarla enerji təhlükəsizliyi və iqlim sahəsində fəaliyyətə daha çox diqqət veriləcək.

Daha çox çeviklik, effektivlik və yeni tərəfdaşlıq yanaşması

Tərəfdaşlığın əsası kimi hər iki tərəf üçün siyasi prioritetlərin ünvanlanması baxımından Aİ öz qonşuları ilə münasibətlərində fokusu dəyişməyi təklif edir. Bu variant tərəfdaşlarla müzakirə ediləcək. Bu, onların prosesə yiyələnməsini artırmaq baxımından mühüm məsələdir. Məqsəd həm də üzv dövlətləri daha intensiv şəkildə qonşu ölkələrlə siyasətin müəyyən edilməsinə və onun həyata keçirilməsinə cəlb etməkdir. Yeni AQS ilə yeni olan bəzi iş metodları tətbiq edəcək, o cümlədən ölkə üzrə ənənəvi illik hesabatlar paketi ləğv olunacaq. İndi hesabatvermə hər münasibətin mahiyyətinə və onun iş təqviminə daha çox uyğunlaşdırılacaq.

Yeni AQS-da mövcud maliyyə resurslarının daha çevik şəkildə istifadəsinə cəhd göstəriləcək ki, Aİ qonşuluqda olan yeni çağırışlara daha operativ şəkildə reaksiya verə bilsin. Vətəndaş cəmiyyəti, sosial tərəfdaşlar və gənclərlə daha güclü işin aparılması nəzərdə tutulur.

Regional səviyyədə 2015-ci ildə Riqa sammitində götürülmüş öhdəliklərə uyğun olaraq “Şərq Tərəfdaşlığı” daha da güclənəcək. Aralıq dənizi regionu üzrə ittifaq cənub qonşuları arasında əməkdaşlığın dəstəklənməsində daha çox rol oynaya bilər. Yeni AQS çərçivəsində qonşuluqdan başqa müvafiq yerlərdə regional çağırışların ünvanlanmasında digər regional iştirakçıların cəlb edilməsi üçün cəhd göstəriləcək.

Növbəti addımlar

Birgə Müraciətdə açıqlanan təkliflər yeni prioritetləri və gələcək münasibətləri birgə müəyyən etmək baxımından üzv dövlətlər və tərəfdaş ölkələrlə növbəti aylarda müzakirə ediləcək.

Şərhlər

Çox oxunanlar