Dağıstandan Suriyaya gedənlərin sayı 600-ə yaxındır - Ramazan Abdulatipov

19.11.2015 13:49     Dünyadan reaksiya     1927

Son iki ildə Şimali Qafqazda 200-dən çox terrorçu-ekstremist məhv olunub, 500-dən çox ekstremist isə saxlanılıb, ümumilikdə bu müddətdə 20-dən çox terror aktının qarşısı alınıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov “Gazeta.ru”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, təkcə xüsusi xidmətlərin və DİN orqanlarının işgüzarlığından yox, həm də bütün Dağıstan cəmiyyətinin ekstremist ideologiyaya qarşı səfərbər olunmasından doğur: “İki ilə yaxındır ki, terrorsuz yaşayırıq”.

O qeyd edib ki, vaxtilə Şimali Qafqazda çox güclü qruplaşmalardan hesab olunan “Qafqaz İmarəti”nə böyük zərbə vurulub, qruplaşmanın strukturu tamamilə məhv edilib: “Sadəcə bir neçə nəfər qalıb ki, onlar meşələrdə gizlənirlər. Qruplaşmanın bəzi üzvləri İŞİD-ə beyət ediblər. Təəəsüf ki, bu böhranlı vaxtımızda şeytana beyət edənlər, islamı gözdən salanlar az deyil. Nə Dağıstanda, nə də Qafqazda İŞİD-ə kütləvi dəstək olmayacaq. Biz artıq terrorla, terrorçularla qarşılaşmışıq. Bu, bizi orta əsrlərə aparır, insanlara faciə və əzab gətirir ”.

Dağıstan rəhbəri bölgədən 600-ə yaxın şəxsin Suriyaya getdiyini qeyd edib: “Bəziləri öz evlərini satıb gedirlər. Onlar kasıblar deyil, sadəcə o adamlardır ki, Dağıstanın özündə dəstək görə bilmirlər”.

Yerli İŞİD tərəfdarları ilə bağlı davamlı anti-terror əməliyyatlarının aparıldığını deyən R.Abdulatipov əlavə edib ki, İŞİD simpatizanlarının Dağıstanda sayı maksimum 30-40 nəfərə yaxındır.

Şərhlər

Çox oxunanlar