Son 10 ildə dünyada ölən media işçilərinin sayı açıqlandı
20.11.2015 12:50 Dünyadan reaksiya 1908
“2005-ci ildən bu günə qədər dünyada 1042 nəfər media təmsilçisi peşə fəaliyyəti ilə əlaqədar ölüb. Bunlardan 797 nəfəri jurnalist, 92 nəfəri media təşkilatlarında çalışan şəxs, 153 nəfər isə “vətəndaş jurnalistikası”nın təmsilçisidir”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu hər il noyabrın 23-də keçirilən “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kampaniyası ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli bildirib.
M. Ələsgərli deyib ki, beynəlxalq təşkilatlar 1990-cı ildən indiyədək peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin də statistikasını hazırlamağa çalışır. Siyahı tamamlanmasa da, ilkin hesablamalara görə, burada 2500 nəfərdən çox şəxsin adı yer alır. JuHİ sədri qeyd edib ki, 2005-ci ildən sonrakı dövrü əhatə edən və qatilləri cəzasız qalmış mərhum jurnalistlərə həsr edilən siyahıda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov və yazıçı-publisist Rafiq Tağının adları da var. Azərbaycan hüquq-mühafizə orqanları bu qətllərin icraçılarının xarici ölkələrdə gizləndikləri üçün tutulub cəzalandırılmalarının mümkünsüz olduğunu bəyan edib. JuHİ əmin olduğunu bildirir ki, Azərbaycan hüquq-mühafizə orqanları ötən illər ərzində bu prosesi daim diqqət mərkəzində saxlayıb, cinayətkarların tapılıb cəzalandırılması üçün səylərini dayandırmayıb.
Qeyd edək ki, 23 noyabrın “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd edilməsi təşəbbüsü Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) Asiya-Sakit Okeanı bölgəsi üzrə regional qurumunun təklifi əsasında IFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında qəbul edilib. Bu təqvim 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın həyatına son qoymuş Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü qeyd etmək üçün seçilib.
Şərhlər