Əfqanıstanda helikopter vuruldu

25.11.2015 11:02     Dünyadan reaksiya     1830

Əfqanıstan səmasında Moldovanın "Valan International Cargo Charter" aviaşirkətinə məxsus Mi-8 helikopteri vurulub.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, insident Əfqanıstanın Fəryab vilayətində qeydə alınıb. Helikopterin taliblər tərəfindən vurulduğu ehtimal edilir.

Moldova Daxili İşlər nazirliyinin məlumatına görə, helikopteri yerdən güllələyiblər, onun yerə enməsindən sonra isə ekipajın 3 üzvü öldürülüb , 18 sərnişin isə girov götürülüb.

Girovların aqibəti haqqında heç bir məlumat yoxdur. 

Helikopterin ilk öncə BMT-nin sülhməramlı əməliyyatında iştirak etdiyi deyilsə də sonradan bu məlumat təqzib edilib. Onun BMT-in missiyasına aidiyyatının olmamasını təşkilatın baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq təsdiq edib.

"Mənim hadisə ilə bağlı ətraflı məlumatım yoxdur, amma bu UNAMA-ya (BMT-nin Əfqanıstan üzrə missiyası -red.) aid olmayan helikopterdir", - deyə o bildirib. 

Bu Əfqanıstan səmasında vurulan ilk Moldova helikopteri deyil. 2009-cu ilin iyulunda Moldovanın "Pecotox Air" aviaşirkətinə məxsus Mi-26 helikopteri vurulmuşdu. Helikopteri moldovalı ekipaj idarə edirdi, onlardan əlavə helikopterin göyərtəsində 6 Ukrayna vətəndaşı olub. 

Şərhlər

Çox oxunanlar