Heç kim sərhədlərimizin pozulmasına səssiz qalacağımızı gözləməsin - Ərdoğan

25.11.2015 13:59     Dünyadan reaksiya     1921

"Heç kim bizdən sərhədlərimizin təhlükəsizliyinin pozulmasına səssiz qalmağımızı gözləməsin".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT İqtisadiyyat və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin İstanbulda keçirilən toplantısında çıxış edərkən deyib. O, noyabrın 24-də baş verən hadisəyə toxunaraq Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozduğunu bir daha vurğulayıb:

"Təyyarələrdən biri geri qayıdıb, digəri isə sərhədi pozmaqda davam edib. Vurulan təyyarənin Rusiyaya aid olduğu sonradan məlum olub. Bunla bağlı BMT və NATO-ya lazımi məlumat verilib. Orada "İŞİD"lə mübarizə apardıqlarını deyirlər. Halbuki o bölgədə "İŞİD" terror təşkilatı yoxdur. Heç kim heç kimi aldatmasın. Belə bir hadisənin baş verməməsi üçün lazımi xəbərdarlıqları edirdik. Qonşumuza da müxtəlif kanallarla həssaslığımızı bildirmişdik. Həmişə sülhə yönəlik mövqeyimizi ortaya qoymuşuq.

Lakin kimsə bizdən sərhəd təhlükəsizliyimizin pozulmasına səssiz qalmağımızı gözləməsin. Təbii ki, bu hadisəni gərginləşdirmək kimi bir niyyətimiz yoxdur. Sadəcə, öz təhlükəsizliyimizi və qardaşlarımızı müdafiə edirik. Bir həftədir Latakiyanin şimalından, Bayırbucaq türkmənlərinin olduğu bölgədən sərhədlərimizə doğru köç başlayıb. Biz bombardmandan qaçan oradakı soydaşlarımızı, qohum-əqrəbalarımızı Hatay və o bölgədəki düşərgələrə almağa başlamışıq. Ölkəmizə qarşı yeni köç dalğasının qarşısını kəsmək üçün lazımi tədbirlər görməyə və Suriya xalqının sabitliyi, təhlükəsizliyi üçün üzərimizə düşəni etməyə davam edəcəyik”.  

Şərhlər

Çox oxunanlar