Ərdoğan Putinlə görüş istəyir - "Bilsəydik, vurmazdıq"

26.11.2015 23:04     Dünyadan reaksiya     2006

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.
 
Reakisya.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
 
“Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam”, deyə Ərdoğan bildirib.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.  
 
Ərdoğan əlavə edib ki, Türkiyə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi, başqa cür addım atardı.  
  
“Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq”, deyə Ərdoğan bildirib.    
 
Ərdoğan “France 24” telekanalına müsahibəsində həmçinin qeyd edib ki,  vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.
 
Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl “BBC”-yə müsahibəsində Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.  

 

Şərhlər

Çox oxunanlar