Təyyarəmizin vurulması təcavüz kimi qiymətləndiriləcək - Ərdoğan
27.11.2015 10:55 Dünyadan reaksiya 1648
Türkiyənin hərbi təyyarəsi Suriya hava məkanında Rusiyanın "S-400" zenit-raket kompleksi tərəfindən vurularsa, Ankara bunu təcavüz kimi qiymətləndirəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbi təyyarələrinin Suriya hava məkanına daxil olacağı təqdirdə Rusiyanın orada yerləşdirdiyi "S-400" zenit-raket kompleksi tərəfindən vurulma ehtimalı barədə "CNN İnternational" müxbirinin sualına cavabında deyib. R. T. Ərdoğan belə insidenti mümkün hesab edib:
"Bu, bizi tədbirlər görməyə məcbur edəcək. Belə məsələlər təbii ki, açıq müzakirə olunmur. Əlbəttə ki, belə bir addım bizim hüquqlarımıza və suverenliyimizə qarşı təcavüz olacaq və dövlətin öz hüquqlarını müdafiə etməsi təbiidir. Biz bölgədə gərginliyin artmasını istəmirik. Lakin Suriya rejiminin tərəfini tutub, gərginliyi artıranlar buna görə məsuliyyət daşıyır".
Rusiyanın Suriyaya "S-400" kompleksi göndərməsini Türkiyə və ABŞ liderliyindəki digər koalisiya üzvlərinə təhlükə hesab edib-etmədiyi haqda sualı cavablandıran Türkiyə prezidenti Rusiyanın hərbi sahədə Suriyaya lap çoxdan - hələ Bəşər Əsədin atasının dövründən dəstək verdiyini xatırladıb:
"Rusiya Suriyaya bu cür sistemlər satıb və ya verib. Bunun ötən il baş vermədiyini və yenilik olduğunu söyləmək mümkün deyil".
Şərhlər