SOCAR-a İranın qurudakı yataqlarında işləmək təklif edildi
01.12.2015 15:39 Ecoreaksiya 2071
İran Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bu ölkənin quruda yerləşən yataqlarında əməkdaşlıqla bağlı təklif irəli sürüb.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Bildiyiniz kimi, həftə sonu neft müqavilələri ilə əlaqədar Tehranda konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd İrana sanksiyalar qaldırıldıqdan sonra bu ölkənin yataqlarında xarici şirkətlərin işləməsi üçün danışıqlar aparmaq, təqdimatlar keçirmək olub. SOCAR da bu konfransda iştirak edib, görüşlər keçirib. Görüşlərimiz çox yaxşı keçib. Bizə bildirilib ki, hökmən deyil ki, dənizlərdəki yataqlarda işləyəsiniz, qurudakı yataqlarda da işləmək mümkündür. Azərbaycan hansı yatağa, hansı sahəyə investisiya qoymaq istəsə, İranın etirazı yoxdur".
Vitse-prezident qeyd edib ki, İrana səfər zamanı SOCAR İran tərəfinə memorandum layihəsi təqdim edib: "İran tərəfi bu sənədə baxacaq. Hər iki tərəf də əməkdaşlıqda maraqlıdır".
İranın xarici şirkətlərə Azərbaycan yataqlarını öz yataqları kimi təqdim etməsinə gəlincə isə o qeyd edib ki, bu barədə yazılanlar şayiədir.
"Xəzərin İran sektorunda 4 yataqlar bloku var. Ən vacib məsələ odur ki, xarici şirkətlərə təqdim olunan yataqlar mübahisəli ərazilərdəki yataqlar deyil. Mən şəxsən o xəritəyə baxmışam. Təqdim olunan yataqlar İranın öz sahəsindədir".
Qeyd edək ki, ötən həftənin sonunda SOCAR prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İranın neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.
SOCAR prezidenti İrana səfəri çərçivəsində, həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, İran Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Şərhlər