Dolların bahalaşmasının təsirləri - Ekspert rəyi
21.12.2015 11:38 Ecoreaksiya 2263
Üzən valyuta rejminin tətbiq edilməsi ilə Mərkəzi Bank həm bazarın rolunu artırmağa, həm də valyuta ehtiyatlarına qənaət etməyə çalışdı.
Reaksiya.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Mərkəzi Bankın bu qərarının manatın məzənnəsinə təsir edəcəyi gözlənilən idi: “Hər halda üzən məzənnə siyasətindən sonra da Mərkəzi Bankın özü də bazarda olacaq və çalışacaq ki, proseslərə təsir göstərsin”.
Ekspert bu qərarın bank sektoruna təsirindən və Mərkəzi Bankın görə biləcəyi tədbirlərdən də danışıb. O qeyd edib ki, bu qərarın ən mənfi təsiri bank sektoruna olacaq: “Bank sektorunda dollarla götürülən kreditlərin geri qaytarılmasında çətinlik yaranacaq. Eyni zamanda, əhali tərəfindən banklara qoyulan əmanətlərin geri götürülməsi prosesi sürətlənə bilər, çünki artıq vətəndaşlar əmanətlərini banklarda saxlamamağa çalışacaq”.
V.Bayramov bildirib ki, bankların xarici borcları dollarla olduğu üçün borcların geri qaytarılmasında çətinliklərin olacağı gözlənilir: “Bu baxımdan Mərkəzi Bank bankların sağlamlaşdırılması üçün təcili tədbirlər həyata keçirməlidir. Dollarla götürülən kreditlərin geri qaytarılması üçün yeni mexanizm müəyyənləşdirməlidir. Əmanətlərin qorunması, indeksasiyası həyata keçirilməlidir. Eyni zamanda, xarici öhdəliklərinin yerinə yetirilməsi üçün banklara yardımların və aşağı faizli mərkəzləşməmiş kreditlərin verilməsinə ehtiyac var ki, bank sektoru dolların bahalaşmasının kəskin mənfi təsirini hiss etməsin”.
V.Bayramov bildirib ki, banklarda əmanətləri dollarla olan vətəndaşlar bir növ özlərini sığortalamış oldu.
Şərhlər