Krediti olanlar nə edəcək?

21.12.2015 14:00     Ecoreaksiya     2347

Bu gün Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Reaksiya.az  Azvision.az saytın istinadən xəbər verir ki, valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Bununla da Azərbaycan manatı 10 day 98% devalvasiyaya məruz qalıb.

Dolların bahalaşmasından sonra bu valyuta ilə olan kreditlərin aqibəti müzakirə mövzusuna çevrilib. Çox güman ki, dolların bahalaşması kreditlərə də öz təsirini göstərəcək.

Kredit borcu bu valyuta ilə olan müştəriləri nə gözləyir? Borcunu qaytarmayanlara bank nə edə bilər?

Krediti qaytara bilməyən vətəndaşlar birinci növbədə bununla bağlı banka müraciət etməlidirlər. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, onlar bildirməlidirlər ki, kreditin qaytarılmasında çətinlikləri var. Xahiş etməlidir ki, kredit müqaviləsinə yenidən baxılsın və kredit müddəti uzadılsın, kredit müddətinin uzadılması aylıq ödəniş məbləğinin aşağı salınması deməkdir. Aylıq ödənişin qaytarılması onun kredit qaytarma şanslarını artırır:

Banka müraciət edən vətəndaş aylıq ödənişlərin qaytarılmasında çətinlik çəkdiyi üçün kreditin faizlərinə yenidən baxılması üçün kredit faizlərində güzəştlərin edilməsini xahiş etməlidir. Faizlərdə güzəştlər edilirsə, aylıq ödəniş azalır. Bir sıra banklar bu məsələdə faizlərdə müəyyən güzəştlər edirlər.

Daha sonra vətəndaş kreditin qaytarılmasında çətinlik çəkirsə panikaya düşməli deyil. Vətəndaş üç ay ərzində krediti qaytara bilmirsə kredit üç aydan sonra problemli kredit kimi rəsmiləşdirilir. Vətəndaş bu üç ay ərzində çalışmalıdır ki, əlavə gəlir yeri tapıb krediti ödəsin. Eyni zamanda Azərbaycanda krediti qaytarmayan şəxsə inzibati tədbir görülməsi nəzərdə tutulmur. Krediti ödəyə bilməyən vətəndaşı maksimum ölkəni tərk etməsi qadağan edilə bilər.

Həmçinin bank əməkdaşı krediti qaytara bilməyən şəxsə də təzyiq göstərə bilməz. Çünki, Bank əməkdaşının kredit götürən şəxsi hədələmək hüququ yoxdur.

Vətəndaş krediti qaytara bilmirsə bank məhkəməyə müraciət edə bilər. Əgər bank əməkdaşı vətəndaşı hədələyirsə vətəndaş izah etməlidir ki, onun belə bir hüququ yoxdur, yalnız məhkəmə yolu ilə məsələni həll etmək mümkündür. Vətəndaş bank əməkdaşının onu daim olaraq hədələdiyini görsə, o zaman vətəndaş ona psixoloji təsir olduğu üçün məhkəməyə müraciət etməlidir.

Bəs kredit vətəndaşın aylıq gəlirindən tutula bilərmi?

Vəkil Əkrəm Həsənov isə bildirib ki, əgər gəlir rəsmidirsə, bu mümkündür. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq:

“Odur ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir. Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər”.

Problemli kreditlər silinə bilərmi?

Hazırda kredit borclarının ləğvi ilə bağlı qanunverici baza yoxdur. Hüquqşünas Müzəffər Baxışovun fikrincə ancaq məhkəmə bankın kredit müddətinin keçməsi ilə bağlı qaldırdığı iddianı təmin etməyə bilər. Dövlətin xüsusi qərarı və ya yeni qanunların qəbulu istisna olmaqla, digər hüquqi hallarda kreditlərin silinməsi isə mümkün deyil. Çünki banklar hamısı hüquqi şəxslərdir. Onlar nizamnamə kapitallarına uyğun olaraq kreditlər verirlər ki, gəlir əldə etsinlər. Verilən kreditlər qaytarılmayanda banklar müflisləşə bilər:

“Lakin iqtisadi böhran dərinləşərsə, dövlət sağlamlaşdırıcı proqram qəbul edə bilər. Bunun nəticəsində dövlət əhalinin əvəzindən borcları özü ödəyə bilər. Belə bir qanun qəbul edilərsə, çox güman müəyyən imtiyazlar nəzərə alınacaq”.

Qeyd edək ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Şərhlər