Cahangir Hacıyevin məhkəməsinin vaxtı açıqlandı
21.12.2015 14:25 Ecoreaksiya 2177
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Reaksiya.az xəbər verir ki, C.Hacıyevin vəkili Aqil Layicov “Report”a bildirib ki, dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində təxirə salınan iş bu günə təyin olunub.
Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Ötən həftə Bakı Apellyasiya Məhkəməsində iş üzrə məhkəmə prosesi təxirə salınıb.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Şərhlər