Azərbaycan böhrandan necə xilas ola bilərdi?
27.12.2015 14:11 Ecoreaksiya 2341
Bu gün milli valyutamızın dəyərdən düşməsi, həmçinin dünya bazarında neft qiymətlərinin xeyli ucuzlaşması ölkə iqtisadiyyatına ciddi təsir edib. Bəs ölkəmizin bu cür böhranla üzləşməməsi üçün nə etmək lazım idi? İqtisadçı-ekspert Rövşən Ağayev özünün feysbuk səhifəsində Dünya Bankının 2009-cu ildə Azərbaycan üçün hazırladığı təkliflər sənədi haqda yazıb. "Reaksiya" həmin sitatı olduğu kimi təqdim edir:
"2009-cu ildə neftin qiyməti qısa müddətə 35 dollara düşən ərəfədə Dünya Bankı Azərbaycan üçün "Yeni ipək yolu –ixrac hesabına diversifikasiya" adlı təkliflər sənədi hazırlamışdı. Sənəddə qarşıdakı tsiklik böhranlardan qaçmaq, uzunmüddətli dövrdə dayanıqlı inkişafa nail olmaq üçün hökumətə 16 istiqamət üzrə tövsiyyələr verilmişdi. İndi təzədən vərəqləyirəm, hökumət həmin təklifləri ciddi qəbul edib həyata keçirmiş olsa idi, Azərbaycan iqtisadiyyatı indiki ağır böhrandan qaça biləcəkdi. Media və iqtisadiyyatın tədqiqi ilə məşğul olanlar üçün maraq doğuracağını, həmiçinin indiki dövr üçün çox aktual olduğunu nəzərə alaraq həmin tövsiyyələrin hamısını paylaşmağı qərara aldım - amma hissə-hissə. Bu tövsiyyələr həm də antiböhran müzakirələri üçün də töhfə olar.
1) Prezident yanında İqtisadi Şuranın yaradılması. Şura “dəyişməz real xərclər” prinsipinin həyata keçirilməsini təmin etməli, siyasi kurs və strategiyaların yüksək səviyyədə koordinasiyasını həyata keçirməlidir. Dünya Bankı “dəyişməz real xərclər” prinsipini belə izah edirdi: proqnozlaşdırılan neft gəlirlərinin cari dəyəri müəyyən olunur və faktiki xərclər yalnız bu məbləğdən qazanılmış real faiz əsasında həyata keçirilməlidir. Bank ekspertləri təklif edirdi ki, 2007-ci ilin qiymətləri ilə hər il dövlət büdcəsində neft gəlirlərinin həcmi 5.9 milyard dollar həcmində olsun. Ekspertlər proqnozlaşdırırdı ki, əgər xərcləmələr bu cür çərçivələnərsə, həm qiymətlərin kəskin ucuzlaşdığı dövrlərdə böhranların şokundan qaçmaq olar, həm də Neft Fondu 2030-cu ilə qədər 78 milyard dollar səviyyəsində ehtiyatları qoruya bilər. Ekspertlərin gözləntisi bu idi ki, Şuranın effektiv iqtisadi tənzimləməni həyata keçirəcəyi tədqirdə dövlət sektorunun iqtisadiyyata təzyiqi xeyli zəifləyəcək, özəl sektor daha sürətlə inkişaf edəcək, 2024-cü ilə qədər qeyri-neft sektorunda çalışan sahibkarlar üçün vergi dərəcələrini azaltmaq mümkün olacaqdı. Yaradılacaq Şura infrastruktura yatırılmış investisiyaların faydalı olması üçün institusional islahatların həyata keçirilməsini təmin etməli idi. Bu islahatlar kimi ilk növbədə ixracın artırılması üçün sərhədin keçməsi ilə bağlı prosedurların (və gömrük təmizləməsinin) daha səmərəli qurulması, gömrükdə əməliyyat xərclərinin və gecikmələrin azaldılması, qanunsuz ödənişlərin aradan qaldırılması, kənd təsərrüfatının daha da gücləndirilməsi və ölkənin əsas məhsullar üzrə özünü təminatına nail olunması kimi mühüm məsələlər nəzərdə tutulurdu.
2) Dövlət xərclərin səmərəliliyinin yüksəldilməsi. Ekspertlər təklif edirdi ki, xərclərin səmərəli idarə olunması sisteminin vacib komponentləri müəyyən edilməli, orta müddətli investisiya büdcəsinin tərtibi təcrübəsi təkmilləşdirilməli, dövlət satınalmalar sistemi effektiv təşkil olunmalı (xüsusilə tenderlərdə iştiraka yaradılan manelər aradan qaldırılmalı), Parlamentin büdcə prosesində rolu və Hesablama Palatasının fəaliyyəti gücləndirilməlidir. Bu istiqamətdə maraqlı təkliflərdən biri investisiyaların səmərəliliyi ilə bağlı idi. Təlif edilirdi ki, ölkənin infrastrukturunun keyfiyyəti ilə bağlı “İllik Hesabat Kartı” hazırlansın. Bu Kartda hökumət qoyulan sərmayələr və onlardan əldə olunan real nəticələri əks etdirməli idi. Məsələn, çəkilən yolların həcmi nə qədərdir və bu yolların qurulması investor (sahibkar) üçün hansı yeni imkanlar qazandırır.
3) Səmərəli idarəetmə və keyfiyyətli xidmət təşkil etmək üçün bəzi dövlət xidmət müəssisələrinin dövlətsizləşdirilməsi. Ekspertlər təklif edirdi ki, "Aztelekom" nüfuzlu beynəlxalq investora satılsın, elektrik enerjisi sektorunda müstəqil enerji istehsalçılarının potensial rolu, habelə paylama şəbəkələrinin mülkiyyət və idarəetmə formaları müəyyən olunsun, Tarif Şurası tam müstəqil quruma çevrilsin.
Ümumiyyətlə, kommunal xidmətlər sektorunun (xüsusilə də elektrik enerjisi və su) bazar strukturlarına həvalə edilməsi, bura özəl sektorun dəvət edilməsi barədə strateji qərarları qəbul etmək vacibdir."
Şərhlər