Sahibkarların mübahisəli vergi borcları ləğv olunub

30.12.2015 01:39     Ecoreaksiya     2017

2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 mln. manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergilər nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir: “Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir”.

Məlumata əsasən, kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicilərinə bildiriş göndərilərək, onlar yerli vergi orqanlarına dəvət olunur və vergi ödəyiciləri tərəfindən təqdim olunan təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 3.10.-cu maddəsinin tələblərinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.

“Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra  vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib”, - deyə məlumatda vurğulanıb.

Şərhlər