"İran Gürcüstan bazarında Azərbaycana rəqib ola bilməz" - SOCAR
05.01.2016 13:05 Ecoreaksiya 1948
SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirir.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.
M. Məmmədovun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.
"Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur", - deyə M. Məmmədov əlavə edib.
Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".
Xatırladaq ki, İran KİV-ləri bildirib ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".
Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.
Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil".
“Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", - deyə bəyanatda deyilir.
Şərhlər