500 dollardan çox pul dəyişənlərin - Nəzərinə

07.01.2016 11:20     Ecoreaksiya     2231

Azərbaycan Mərkəzi Bankı nağd xarici valyuta əməliyyat qaydalarına dəyişiklik edib.

"Reaksiya" Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

Yeni qəbul edilmiş Qaydalara əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.

İndiyə qədər qüvvədə olmuş Qaydalara əsasən isə mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.

Eyni zamanda, bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Şərhlər