Bir neçə bank valyuta satışını dayandırdı

08.01.2016 11:30     Ecoreaksiya     2221

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bir neçəsi mövcud vəziyyətlə əlaqədar həm dollar, həm də avro satışını dayandırıb. Bəzi banklarda bu proses dünəndən başlasa da, artıq həmin siyahıya daha bir neçəsi də qoşulub.

"Reaksiya" report-a istinadən xəbər verir ki, bankların saytında satış məzənnəsi qeyd olunsa da, onlar hazırda satışı həyata keçirmir. Prosesin nə vaxt bərpa olunacağı barədə isə heç bir məlumat verilmir. Hazırda "Amrahbank", "Silk Way Bank", "AFB Bank", "AtaBank", "Access Bank" və "Dekabank" ASC dollar və avro satışını dayandıran banklar siyahısındadır.

Belə ki, "AFB Bank" və "AtaBank" həm alış, həm satışı dayandırıb. "Dekabank, "Silk Way Bank", "Access Bank" və "Amrahbank" isə alışı davam etdirir. Dollar alışı "Amrahbank" və "Silk Way Bank"da 1,5600 AZN/USD, "Dekabank"da 1,60 AZN/USD qiyməti ilə həyata keçirilir. Avro üzrə isə məzənnə müvafiq olaraq 1,67, 1,68 və 1,67 AZN/USD təşkil edib.

Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,5642 AZN/USD, avronun - 1,7009 AZN/USD təşkil edib.

Qeyd edək ki, bu günlərdə qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycandakı banklara əməliyyat günü ərzində valyuta məzənnələrini sərbəst şəkildə dəyişdirmək hüququ verilib. Həmçinin mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Şərhlər