Aksiz malların plastik kartlarla satışı dayandırıldı

12.01.2016 17:43     Ecoreaksiya     2173

Bu gündən etibarən ölkədə aksiz malların plastik kartlarla satışı dayandırılıb.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-yə müsahibəsində bildirib.

"Bu gündən etibarən spirtli içkilərin nağd qaydada satılmasında heç bir problem olmayacaq. Baxmayaraq ki, bütün mağazalarda POS-terminallar quraşdırılıb, ödəmə məntəqələrinin sayı kifayət qədərdir. Amma insanlarımız buna alışmadılar. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Həm də sahibkarlar müraciətlərində spirtli içkilərin sənədləşməsi ilə bağlı problemlərin olduğunu qeyd edib. Bu sənədləşmə işlərinin başa çatdırılması üçün sahibkarların müraciətləri nəzərə alınıb. Bu qərar imkan verəcək ki, sahibkarlar sənədləşmə işlərini başa çatdırsın. Eyni zamanda, bundan sonra  mağazalarda vətəndaşlar həm nağdsız, həm də nağd formada spirtli içkilər ala bilərlər", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Bu qaydalara əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Onu da qeyd edək ki, qaydalar qüvvəyə minəndən sonra yerlərdə əhalinin kifayət qədər plastik kartlarının olmaması vətəndaşların və sahibkarların narazılığına səbəb olub.

Şərhlər