"Əslində, unun qiyməti endirilməyib" - Ekspert
16.01.2016 16:17 Ecoreaksiya 1920
"Çörəyin qiymətini ona görə aşağı salıblar ki, hansısa etirazlar olanda, desinlər ki, qiyməti aşağı salmışıq".
Xəbər verdiyimiz ki, Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bundan sonra 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manata enib.
Bu barədə kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Reaksiya”ya açıqlama verib.
O, bildirib ki, unun hazırki qiyməti də yüksəkdir: “Unun qiymətində digər ölklərlə müqayisədə çox ciddi artım fərqi var idi, təxminən 2 dəfə baha idi. Hazırda unun qiymətində endirim ediblər, çörəyin qiymətini stabil saxlamağa çalışırlar. Ancaq digər məhsullara bunun heç bir aidiyyatı yoxdur. Çörəyin qiymətini ona görə aşağı salıblar ki, hansısa etirazlar olanda, desinlər ki, qiyməti aşağı salmışıq. Çörək sosial məsələdir, starteji əhəmiyyət kəsb edir. Əslində, indiki halda da ölkədə unun qiyməti yüksəkdir. 1.5 milyona yaxın buğda ucuz qiymətə Rusiyadan idxal olunub. Lakin qiyməti yüksək göstərməyə çalışırlar. Bu buğdadan əldə olunan unun qiyməti devalvasiyadan qabaq 9-10 manata təklif olunmalıydı. Bu rəqəmi idaxalla məşğul olanların, emal şirkətlərinin də qazancını hesablayaraq deyirəm. Amma təəssüflər olsun ki, əhaliyə həmin unun 50 kiloqramını 18 manata təklif edirdilər. Devalvasiyadan sonra belə, Rusiyadan gətirilən buğdadan alınan unu 15-16 manata təklif etməklə sahibkarlar gəlir əldə edə bilərdilər. Ancaq bu sahədə monopoliya olduğu üçün onlar qiymətin yüksək olmasında maraqlıdırlar. Son hadisələrdən sonra unun qiyməti 21 manat oldu və hesab edirəm ki, 50 kiloqramlıq un üçün bu qiymət çox yüksəkdir”.
V.Məhərrəmov belə hesab edir ki, hazırda ölkədə alıcılıq qabiliyyəti aşağı düşüb.
"Əslində, Azərbaycanda qiymətlər kəskin şəkildə enməli idi. Alıcılıq qabiliyyəti azalıb, ölkəyə valyuta gəliri ciddi şəkildə azalıb. Bu yalnız neftlə bağlı deyil, digər amillər də rol oynayır. Misal üçün Rusiyada yaşayan azərbaycanlılar öz əldə etdikləri gəliri Azərbaycanda yaşayan qohumlarına, ailələrinə göndərirdilər, indi bu gəlir də azalıb. Ölkə daxilində istehsal müəssisələri bağlanır. Ölkəyə idxal olunan məhsul dollarnan əldə olunduğu üçün Azərbaycan manatı ilə baha başa gəlir. Zavod və fabriklər bağlandı, yenisi işə salınmadı, işsizliyin sayı artdı. Ölkə neftdən asılı qalıb. Olduqca mürəkkəb situasiya yaranıb. Əvvəlcədən hansı hadisələrin baş verəcəyini proqnozlaşdırmaq isə qeyri-mümkündür. Hesab edirəm ki, mal-məhsul azalacaq, çünki, xaricdən mal-məhsul gətirib, indiki vəziyyətdə baha qiymətlə istehlakçılara təqdim etmək mümkün olmayacaq. Alıcılıq qabiliyyəti düşəndə sahibkarların gəliri azalır, sahibkarların gəliri azalanda da dövlət büdcəsinə ödənilən vəsait azalır”, - deyə ekspert əlavə edib.
Şərhlər