''Neftin qiymətinin ucuz qalması ehtimalı daha da gücləndi''

17.01.2016 14:09     Ecoreaksiya     1317

Natiq Cəfərli: ''Qonşu ölkədə imkanın yaranması Azərbaycan vətəndaşları üçün iş tapmaq baxımından müsbətdir''

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli ABŞ və Qərbin İrana qarşı sanksiyalarının götürülməsini gözlənilən addım sayır.

  Qərarın iqtisadi tərəfini Meydan TV-yə şərh edən Natiq Cəfərli deyir ki, qonşu ölkəyə sanksiyaların götürülməsinin bir çox sahələrə pozitiv təsiri olacaq: “Birinci təsir odur ki, İran sivil dünyaya geri dönəcək və bank sisteminə qayıdacaq. Bugünə qədər Tehranın xarici banklarda olan 100 milyard dollara yaxın vəsaitinin donu açılacaq və bunun investisiya şəklində İrana yatırılmasını görəcəyik”.

  İqtisadçı hesab edir ki, qərar dünya neft bazarına da təsir edəcək: “Bundan sonra neftin qiymətinin ucuz qalması ehtimalı daha da gücləndi. Çünki İran ilkin mərhələdə gündə 500 min barrel, 6 aydan sonra daha 500 min barrel bazara neft çıxaracaq, artıq müqavilələr imzalanıb. Bu amil neft bazarında qiymətlərə təsir edəcək. Dünya üçün ikinci pozitiv təsir 80 milyon əhalisi olan ölkənin qapılarının açılmasıdır, bu, böyük investisiya imkanları olan bazardır. Avropa ölkələri bu bazarda özlərinə yer tutmağa çalışacaqlar. Azərbaycan normal istisadi-siyasi kurs apara bilsə, o bazarda kiçicik də olsa, özünə yer götürər. Amma indiki şəraitdə, bu, çox çətin görünür. Hər halda qonşu ölkədə belə imkanın yaranması Azərbaycan vətəndaşları üçün iş tapmaq baxımından müsbətdir”.

Şərhlər