Prezidentin ən yaxın adamı: - O, hamıdan çox fayda verə bilər...

26.01.2016 12:46     Ecoreaksiya     2429

Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və İclasda  Bakı-2015  I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

***

Əksəriyyətimiz I Avropa Oyunlarını yaxından izləyə bildik.  Gözümüzün qarşısında Azərbaycan tarixi bir hadisəyə ev sahibliyi etdi və hamımız gördük ki,  belə bir mürəkkəb proses  olduqca yüksək udarəçilik elementlərilə əhatə olundu.  Düzdür, Mehriban Əliyeva I Avropa Oyunlarına qədər də özünün idarəçilik və təşkilatçılıq bacarığını nümayiş etdirmişdi.  Məsələn, Avroviziya musiqi yarışmasının keçirilmə səviyyəsi ölkə əhalisində Mehriban xanımın təşkilatçılıq və idarəçilik imkanları barədə aydın təsəvvürlər yaratmışdı. Bundan başqa, Heydər Əliyev Fondunun xəttilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən nəhəng layihələr Mehriban Əliyevanın bir tərəfdən yüksək zövqündən xəbər verirdisə, digər tərəfdən də onun bir təşkilatçı kimi bütün lazımı keyfiyyətləri özündə birləşdirdiyini göstərirdi.  I Avropa Oyunları isə birinci xanımın idarəçilik və təşkilatçılıq bacarığı, fərqli və dərin təfəkkürü, müasir dünya görüşü və ən əsası Azərbaycan adına görülən işlərə ürək qoyması barədə artıq oturuşmuş fikirləri daha da möhkəmləndirdi. Dövlət başçısı cənab İlham Əliyev də məhz sadaladığımız reallıqlardan çıxış edərək I Avropa Oyunları kimi böyük məsuliyyət tələb edən tədbirin təşkilatçılığını Mehriban xanıma həvalə etdi və nəticə göstərdi ki, o, olduqca dəqiq seçim edib.  Prezidentin adı varsa deməli, ən yaxşı və ən keyfiyyətli iş nümunələrinə ancaq Mehriban Əliyeva – İlham Əliyevin ƏN YAXIN ADAMI müəlliflik edə bilər və edir!

***

İndiki halda Mehriban Əliyeva fenomeninə diqqət yönəltməyimiz sözsüz ki, təkcə I Avropa Oyunları və bu oyunların yüksək təşkilatçılıq səviyyəsi ilə əlaqəli deyil.  Heç Avropa Olimpiya Komitələrinin təqdim etdiyi Ali Orden də bu yazının əsas qayəsini təşkil etmir.  Bütün bunlar barədə əslində həm ölkə, həm də xarici mətbuatda çox yazılıb.  Bu yazıda əsas məqsəd Azərbaycanın qədəm qoyduğu yeni mərhələdə, iqtisadi çətinliklərin yarandığı, Prezidentin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiyi, sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da şəffaflaşdırılması istiqamətində zəruri addımların atıldığı, qeyri-neft sektorunun sürətli inkişafını təmin edəcək yeni layihələrin ərsəyə gəldiyi bir ərəfədə cəmiyyətin daha çox inam bəslədiyi, böyük sayğı və ehtiramla yanaşdığı, təşkilatçılıq və idarəçilik məharətilə fərqlənən şəxslərin – kadrların potensialından istifadə olunmasının zərurət kimi meydana çıxmasına diqqət yönəltməkdir. Bu xüsusda məhz Mehriban Əliyeva dövlət görəvlisi kimi göz önünə gəlir və zənnimizcə artıq bu perspektiv üzərində düşünməyə dəyər. Yüksək idarəçilik potensialına malik olan şəxslər öz bacarıqlarından istənilən sahədə eyni uğurla istifadə edə bilərlər.  Mədəni, sosial və humanitar sahələri əhatə edən layihələrin öhdəsindən layiqincə gəlmiş birinci xanım zənnimizcə öz potensialını hələ tam şəkildə açmayıb. Hesab edirik ki, o, daha böyük vəzifələrin öhdəsindən uğurla gələ bilər. Aşağıda fikirlərimizi daha da konkretləşdirəcəyik.

***

Dünya bazarlarında neftin qiymətlərinin 4 dəfəyə qədər azalması səbəbindən Azərbaycan neft ölkəsi olaraq maliyyə çətinlikləri yaşayır. Prezident İlham Əliyev artıq keçən ilin son aylarından başlayaraq ölkədə qeyri-neft sektorunun özəyini təşkil edən azad sahibkarlığın inkişafı yolunda çox ciddi addımlar atılıb. Bütövlükdə son 11 il ərzində qeyri-neft sektorunun inkişafı yolunda az iş görülməyib. Bu işlərin nəticəsidir ki, artıq Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 70%-ə yaxınlaşıb. Lakin son il yarım ərzində baş verən proseslər göstərdi ki, neftdən asılılığın aradan tam qaldırılması istiqamətində hələ çox işlər görülməlidir. Bu gün bizim 40 milyard dollara qədər olan Ümumi Daxili Məhsulumuzda qeyri-neft sektorundan ixracımız cəmisi 1,7 milyard dollardır. Düzdür biz son illərdə qeyri-neft sektorunun sürətli inkişafı hesabına bir çox məhsullara olan təlabatımızı ödəyə bilmişik və bu hesaba idxal bir xeyli azalıb. Lakin bu gün qeyri-neft sektorundan ixracın həcmi hələ ki, ürəkaçan səviyyədə deyil. Bu vəziyyəti qısa müddətdə aradan qaldırmaq üçün isə geniş miqyaslı tədbirlər həyata keçirilməli, kardinal addımlar atılmalıdır. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi mövcud vəziyyətə adekvat hesab etdiyi bir sıra təkliflər hazırlayıb.

Təkliflərimiz belədir:

Ölkənin bölgələrində kiçik və orta müəssisələrin qurulmasını özündə əks etdirən xüsusi dövlət proqramı hazırlansın. Bu proqram ən azı 5 illik dövrü əhatə etsin. Proqramda zəruri hesab ediləcək bütün məqamların əks etdirilməsi məqsədilə onun tərtibindən öncə bölgələr üzrə istehsalı mümkün ola biləcək bütün mal və məhsulların müəyyən olunması vacibdir. Bu məqsədlə xüsusi bir araşdırma (inventarlaşma) aparılmalı və hər bölgə üzrə prioritet sahələr sahibkarlara təklif edilməli, onlar da öz layihələrini işləyib hazırlamalıdırlar. Bu proqramın icrası bölgələrin tədricən dotasiyadan çıxarılmasını, yerlərdə yeni iş yerlərinin  açılmasını, ölkədə məhsul bolluğunun yaradılmasını, daxili bazarda qiymətlərin sabitləşməsini, eyni zamanda, ixrac potensialının artırılması hesabına ölkəyə valyuta axınını təmin edə biləcəkdir;

Proqramın illər üzrə maliyyə təminatı bu məqsəd üçün yaradılacaq xüsusi fond hesabına(Məsələn, İqtisadi İnkişaf Fondu) həyata keçirilsin. Hər il Dövlət Büdcəsindən və Dövlət Neft Fondunun büdcəsindən bu Fonda xüsusi ayırmalar nəzərdə tutulsun. Dövlət əmlakının özəlləşdirilməsi, daxili və xarici borclanma hesabına əldə ediləcək vəsaitlər də Proqram üzrə icra olunacaq layihələrin maliyyə mənbəyi kimi çıxış edə bilərlər;

Bölgələrdə sahibkarlar tərəfindən kiçik və orta  müəssisələrin qurulmasını özündə əks etdirən layihələrin seçilməsi işi tam şəffaf keçiriləcək tenderlər yolu ilə aparılsın. Layihəsi seçilmiş sahibkarlara Proqramın icrası üçün müəyyən edilmiş maliyyə mənbəyi hesabına 5 ildən 10 ilədək, 0,75 -1,0% dərəcəsi ilə kreditlər verilsin;

Sahibkarlar götürdükləri kreditlərin ödəmə müddəti bitənə qədər bütün vergilərdən azad edilsinlər;

Layihələrin seçilməsi, onların maliyyələşdirilməsi və icrasına nəzarət etmək məqsədilə xüsusi Dövlət Komissiyası yaradılsın.

Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Milli Fondu ləğv edilsin və onun bazasında xaricdən peşəkar mütəxəsisləri cəlb etmək yolu ilə yeni, çevik bir qurum yaradılsın;

Bu işdə idarəçiliyin çevikliyini və səmərəliliyini yüksək səviyyədə təmin etmək məqsədilə Azərbaycanın 10 iqtisadi rayonu üzrə prezidentin xüsusi nümayəndələri təyin edilsin.

Belə bir proqramın uğurla həyata keçirilməsi sözsüz ki, onun icrasına kimin rəhbərlik etməsindən bilavasitə asılıdır. Fikrimizcə belə bir ciddi, dövlət əhəmiyyətli və ölkə iqtisadyyatı üçün taleyüklü bir Dövlət Proqramının icrasına nəzarət edəcək komissiyaya rəhbərlik öz təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş, ölkə əhalisinin xüsusi hörmətini qazanmış və ən əsası Prezidentin ƏN YAXIN ADAMI Mehriban Əliyevaya həvalə olunmalıdır.  Zənnimizcə M.Əliyeva dövlət vəzifəsini də başqalarına nümunə ola biləcək səviyyədə icra edə bilər. Hesab edirik ki, bu işin daha yüksək səviyyədə icra olunması məqsədilə M.Əliyevaya baş nazirin müavini statusunun verilməsi də yerinə düşərdi. Fikrimizcə təkliflərimiz qəbul ediləcəyi tədqirdə yaxın 3 ildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı minimuma enəcək,  5 ilin sonunda isə bu asılılıq tam aradan qaldırılacaq.

Bir vacib məqamı da unutmamalıyıq ki, indiki mərhələ bizdən Prezidentin ətrafında heç vaxt olmadığı kimi birləşməyi tələb edir. Hər bir vətəndaş bu çətin dönəmlərdə dövlətin maraqlarının keşiyində dayanmalı, öz məsuliyyətini dərk etməli və təxribatçı çıxışlara uymamalıdır.

Şərhlər