Nazir: "Pambıqçılığın inkişafı üçün icra hakimiyyəti başçıları fermerlərlə münasibətlərinə yenidən baxmalıdır"
27.01.2016 12:46 Ecoreaksiya 1622
Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün imkanlar var.
"Reaksiya" xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, ölkədə fəaliyyətini dayandıran pambıq təmizləmə zavodlarının səmərəli fəaliyyət göstərməsi üçün bu məsələyə yenidən baxılmalıdır: “Cənab prezident ənənəvi sahələrin inkişaf etdirilməsi məsələsinə toxunanda pambıqçılıq sahəsini xüsusilə vurğuladı. Hesab edirəm ki, bu sahənin inkişafı üçün imkanlarımız var. Fəaliyyətsiz olan bir neçə pambıqtəmizləmə zavodlarımız var. Məsələn, Sabirabadda, Saatlıda və sair. Bu zavodlarının səmərəli fəaliyyətinə yenidən baxılmalıdır. Vaxtilə bununla bizim bank strukturları məşğul olub. Məsələn, Beynəlxalq Bankın vasitəsilə bir qurum yaradılmışdı, onlar nə isə etdilər... Faktiki olaraq, onlar bu gün müflisləşib, böyük həcmdə banka borcları var. Biz bu zavodların canlandırılması yollarına baxmalı, regionlarda pambıqçılığa dəstək verməliyik. Düzdür, müəyyən fasilədən sonra fermerlərdən pambığın alınması prosesinə yenidən start verilib. İndi də yeni mövsümdə pambıqçılıqla məşğul olan fermerlərdən pambığın alınmasını prosesinin təşkil edilməsi ilə bağlı işlər gedir. Biz yenidən bu işlərə baxacağıq".
Nazir icra hakimiyyəti başçılarına müraciət edərək deyib ki, onlar pambıqçılıqla məşğul olan fermerlərlə sıx təmasda olmalıdır. "İcra başçıları fermerlərlə münasibətlərinə yenidən baxmalıdır ki, görək, bu sxemləri necə qura bilərik. Pambıqçılıq bizim üçün vacib sahədir. Biz emalın daha üst pillələrinə çıxmalıyıq. Biz elə məhsul istehsal etməliyik ki, həm ölkə daxilində tələbatı ödəyək, həm də xaricə yüksək qiymətə sata bilək. İcra hakimiyyəti başçıları da bu məsələlərə diqqət yetirsin".
Şərhlər