Səbail rayonunda sahibkarlarla görüş keçirilib

29.01.2016 20:50     Ecoreaksiya     2161

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstək verilməsi, süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqların icrası və bu istiqamətdə rayonda görülən işlərlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə burada fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar dünya ölkələrinin əksəriyyətində baş verən iqtisadi böhranın nəticələrinin Azərbaycana da təsirsiz ötüşməməsindən, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə də milli valyutanın devalvasiyaya uğramasından, təbii və süni qiymət artımının baş verməsindən və bununla bağlı yaranan iqtisadi çətinliklərdən danışıb. Qeyd olunub ki, dövlətimizin başçısı tərəfindən atılan mühüm addımlar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Prezidentin həyata keçirdiyi ciddi tədbirlər sayəsində Azərbaycanda süni qiymət artımının qarşısı qətiyyətlə alınır. O cümlədən, vətəndaşların sosial müdafiəsi istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Ölkə başçısının sərəncamları ilə əməkhaqları, pensiyalar, müavinətlərin artırılması, vətəndaşların sosial müdafiəsi istiqamətindəki əlavə tədbirlər xalqımız tərəfindən çox müsbət qarşılanıb.

İcra başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə məlumat verib, azad sahibkarlığın inkişaf etdirilməsi üçün ölkədə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğıdan, sahibkarlıq subyektlərinin sayının artmasından, onların fəaliyyətinə mane olan amillərin aradan qaldırılması, hərtərəfli köməyin göstərilməsindən danışıb. Bildirib ki, hazırda rayonda 5803 sahibkarlıq subyekti fəaliyyət göstərir. Həmin sahibkarlıq subyektlərində 58294 nəfər çalışır, onların fəaliyyətinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədilə sorğular keçirilir, müvafiq köməklik göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. İcra hakimiyyətində yaradılan komissiya və işçi qrupun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər.

Görüşün əvvəlində rayon sahibkarları ilə onların fəaliyyətinə mane olan amillər və onların aradan qaldırılması ilə bağlı təkliflərə dair sorğu keçirilib, sorğunun nəticələrinin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Görüşdə çıxış edən 15-dən çox sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şərhlər