Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qayda təsdiqlənib

30.01.2016 14:38     Ecoreaksiya     1508

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası”nı təsdiq edib.
 
“Reaksiya” "Report"-a istinadən xəbər verir ki, qərarı komitənin sədri Rüfət Aslanlı imzalayıb.
Bu qayda qiymətli kağızlara dair sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə Milli Depozit Mərkəzinin idarə etdiyi depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada Depozitar sisteminə ötürülməsi və Depozitar sistemindən hüquq əldə edənin hüquqlarını təsdiqləyən sənədlərin alınması, bu məqsədlə təşkil edilmiş elektron informasiya sistemlərində məlumat mübadiləsi və onun təhlükəsizliyinə dair tələbləri müəyyən edir.
 
Qiymətli kağızlar üzrə sərəncamvermə hüquqlarının, Depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızlar və onların yüklənməsi barədə məlumatların ötürülməsi Depozitar sistem və Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi arasında real vaxt rejimində həyata keçirilir.
 
Qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması, həmin qiymətli kağızların yüklənməsi və hüquq əldə edənin “depo” hesabının mövcudluğu barədə məlumatların notarius tərəfindən real vaxt rejimində əldə edilməsi üçün qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair sərəncamverənin ərizəsi əsasında notarius “Elektron notariat” sistemi vasitəsi ilə Depozitar sistemə müqavilənin tərəfləri barədə məlumatı (əqdi bağlayan fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN), müqavilənin predmeti olan qiymətli kağızların dövlət qeydiyyat nömrəsini, müqavilənin predmeti olan qiymətli kağızların sayını və əqdin məbləğini ötürür.
 
Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olduqda və həmin qiymətli kağızlar yüklü olmadıqda və müqavilə üzrə hüquq əldə edənin “depo” hesabı mövcud olduqda MDM tərəfindən həmin qiymətli kağızlar sərəncamverənin “depo” hesabında 1 iş günü müddətinə dondurulur və Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə əməliyatın tarixini və vaxtını, “depo” hesabının nömrəsini, “depo” hesab sahibi haqqında məlumatı (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN), emitentin adını, dondurulmuş qiymətli kağızların dövlət qeydiyyat nömrəsini, dondurulmuş qiymətli kağızların sayı və nominal qiymət üzrə məbləğini göndərir.
 
Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olmadıqda və ya həmin qiymətli kağızlar yüklü olduqda və müqavilə üzrə hüquq əldə edənin “depo” hesabı mövcud olmadıqda, MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə həmin qiymətli kağızlar ilə müqavilənin bağlanılmasının mümkün olmaması barədə səbəbləri göstərilməklə məlumat ötürülür.
 
Müəyyən edilən məlumatın Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə ötürülməsi yalnız sərəncamverənin bu barədə MDM-ə təqdim etdiyi razılığı əsasında baş verir. Razılıq mövcud olmadıqda MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə bu barədə məlumat ötürülür.
 
Müəyyən edilən məlumat “Elektron notariat” sistemindən notarius tərəfindən əldə edildikdən sonra qiymətli kağızlarla müqavilə tərəflərin imzası ilə imzalanır və notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən Depozitar sistemindən əldə edilmiş məlumatlar çap olunaraq aparılmış notariat hərəkəti üzrə işə tikilir.
 
Qiymətli kağızlarla müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsini təmin etmək üçün notarius tərəfindən təsdiq edilmiş müqavilə, müqavilə üzrə ödənişlərin hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabına həyata keçirildiyini təsdiq edən sənəd, MDM-in müvafiq xidmət haqqının ödənildiyini təsdiq edən sənəd notarius tərəfindən dərhal elektron formada (notariusun elektron imzası ilə təsdiq edilməklə) “Elektron notariat” sistemindən Depozitar sistemə ötürülür:
 
Müqavilənin predmeti olan qiymətli kağızlara mülkiyyət hüquqları ötürüldükdən sonra “Elektron notariat” sisteminə bu barədə Depozitar sistem tərəfindən məlumat göndərilir.
Müqavilələrin bağlanılması zamanı sui-istifadə halları barədə şübhə olduqda, qiymətli kağızlar üzrə mülkiyyət hüquqları ötürülmür və MDM bu barədə səbəbləri göstərilməklə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə dərhal məlumat verir.
 
Məlumat Komitəyə təqdim edildikdən sonra MDM tərəfindən Depozitar sistem vasitəsi ilə “Elektron notariat” sisteminə qiymətli kağızlar üzrə hüquqların ötürülməməsi və müqavilənin şübhəli olduğu barədə məlumatın Komitəyə təqdim edilməsi haqqında məlumat ötürülür.
Sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin MDM-də qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.
 
“Elektron notariat” sistemi və Depozitar sistemi ilə real vaxt rejimində qarşılıqlı şəkildə mübadilənin təşkili üçün əlavə haqq (ödəniş) tələb olunmur.
Notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlər müqavilə üzrə hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabı vasitəsi ilə həyata keçirilir.
 
Notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının ötürülməsi üçün MDM-in hesabına hüquq əldə edən və ya sərəncamverən tərəfindən müvafiq xidmət haqqı ödənilir.
Ödənişlərin həyata keçirilməli olduğu MDM-in bank hesablarında dəyişikliklər baş verdikdə MDM bu barədə 1 iş günü müddətində Ədliyyə Nazirliyini məlumatlandırır.
 
“Elektron notariat” və Depozitar sistemləri arasında məlumat mübadiləsi üçüncü şəxsin ötürmə kanallarından istifadə etməklə aparılarsa, məlumat yalnız qarşı tərəfin oxuya bilməsi şərti ilə şifrələnməlidir.
 
Hər bir tərəf digər tərəfdən götürdüyü məlumatın məxfi saxlanılmasına və mühafizə edilməsinə görə məsuliyyət daşıyır.
Məlumatları informasiya sistemləri vasitəsi ilə təqdim edən tərəf onların düzgünlüyünə cavabdehdir. Məlumatı əldə edən tərəf müqavilə tərəfləri qarşısında həmin məlumatların düzgünlüyünə görə cavabdeh deyil. Hər bir tərəfin digər tərəfdən götürdüyü məlumat həmin digər tərəfin məlumatı hesab olunur. Məlumatları təqdim edən və əldə edən tərəflər “Elektron notariat” və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi, məlumat itkisinin qarşısının alınması istiqamətlərində bütün tədbirləri görməlidirlər. “Elektron notariat” və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəyən ziyana görə təqsiri olan tərəf məsuliyyət daşıyır.
 
Qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, məlumatların üçüncü şəxslərə təqdim edilməsinə yol verilmir.
MDM müəyyən edilən ərizənin surətini notariusdan sorğu edə bilər. Notarius sorğu edilmiş ərizənin surətini 3 gün ərzində MDM-ə təqdim etməlidir.
 
Təqdim edilən sənədlərlə “Elektron notariat” və Depozitar sistemlərindəki məlumatlar arasında hər hansı uyğunsuzluq dərhal qarşılıqlı əlaqə vasitəsi ilə aradan qaldırılır. Bu məqsədlə hər iki tərəfdə əlaqələndirici şəxslər təyin olunur və əlaqə vasitələri barədə qarşı tərəf məlumatlandırılır.

Şərhlər