Ekspert: Hətta həm nazirin, həm onun müavininin qeyri - peşəkar olması... - RƏY
30.05.2015 16:45 Ecoreaksiya 998
Təəssüf ki, bu sahəyə gətirilən qeyri - professionallar da fermerə, kənd təsərrüfatına və onun inkişafına dəstək olmaqdansa, boş yerə hay - küy salmaqla məşğuldurlar...
Müsahibimiz kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovdur. Onunla kənd təsərrüfatımızın problemlərinə aydınlıq gətirməyə çalışdıq
Hal - hazırda ölkədə kənd təsərrüfatında vəziyyət nə yerdədir? Aqrar sahədə aparılan islahatları uğurlu saymaq olarmı?
İmzalanan Sərəncamlar, bu ilin kənd təsərrüfatı ili elan edilməsi, bunun fonunda müəyyən qədər dövlət dəstəyinin ayrılması, subsidiaların verilməsi yaxşı haldır. Bütün bunların fonunda təəssüf ki, real nəticə görmürük. Bu sahəyə dövlət tərəfindən ciddi dəstək verilir, amma bu məsələyə heç bir təsir göstərmir. Buna səbəb isə kənd təsərrüfatı sahəsində qeyri - professionalların olmasıdır. Hətta həm nazirin, həm onun müavininin qeyri - peşəkar olması, eyni zamanda onların ətrafinda çalışan icraedici şəxslərin qeyri - professionallığı bu sahənin zəif inkişaf etməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, aqrar sahə mürəkkəb bir sahədir və burada professionallıq əsas amillərdən biridir. Sual verə bilərsiniz ki, bu sahədə hansı problemlər var? Göygöl rayonunda süni mayalandırma mərkəzinin yaradılmasına dövlət tərəfindən 2.000.000 manat vəsait ayırılıb və nazirlikdə bu tipli müəssənin inkişaf edəcəyi haqda vədlər verilsə də, hələ ki, ortada heç bir nəticə yoxdur. Xarici ölkələrdən çox baha qiyməta mal - qara gətizdirilir və həmin mal - qaranın qidalanması üçün münbit şəraitin yaradılmaması həmin gətirilən mal - qaranın tələfinə səbəb olur. Bu da ölkədə bu tip müəssisələrin inkişafına mane olur.
Eyni zamanda baxmayaraq ki, Prezident Fondundan lazımi texnikanın alınması üçün maliyyə ayrılır, amma bu texnikadan da lazım olan səviyyədə istifadə olunmur. Hətta nazir də etiraf edir ki, lazım olan qədər texnika ayrılsa da, bu texnikalardan düzgün istifadə edilmir. Bu texnikalardan düzgün istifadə edilməməsi əkinin, səpinin vaxtında aparılmamasına, nəticədə isə keyfiyyətsiz məhsulun ortaya çıxmasına səbəb olur. Həmçinin topdan satış bazarlarının kimlərinsə əlində cəmlənməsi fermerin hazır məhsulunun bazara çıxara bilməməsinə səbəb olur ki, nəticədə isə əziyyətlə əkilib becərilən məhsul tələf olur və fermerin əziyyəti boşa gedir. Təəssüf ki, bu sahəyə gətirilən qeyri - professionallar da fermerə, kənd təsərrüfatına və onun inkişafına dəstək olmaqdansa, boş yerə hay - küy salmaqla məşğuldurlar. Eyni zamanda bu qeyri - peşəkarlar təftiş işləri ilə əlaqədar şəxslər oluqlarından onlar aqrar vəziyyətlə deyil, sırf işə nəzarətlə maraqlanırlar. Bu qeyri - peşəkar şəxslər həmçinin guya boş qalmış torpaqlardan istifadə etmədən bu torpaqların hər hansı bir fermere aid olduğunu deyirlər və bu tip rəhbər şəxslərin fikrincə ölkədə boş istifadə olunmayan fermer torpağı yoxdur. Bu sahədə çalışan şəxslər professional olmadıqları üçün əsas problemi görüb onun qulpundan yapışa bilmirlər. Sırf problemi də görə bilmədikləri üçün, həmin poblem də həll olunmur. Qabararaq daha da genişlənir. Məmurlar bilməlidir ki, dövlət bu sahəyə ciddi vəsait ayırıbsa, məmurlar da bu vəsaitdən düzgün istifadə etməlidirlər.
-Bəs ölkədə kənd təsərrüfatı sahəsində istehsal nə vəziyyətdədir?
-Bilirsiniz ki, ölkə bazarına idxal olunan məhsulların 50 % daxili istehsalın məhsuludur. Amma bu vəziyyətin yaxşı olduğundan xəbər vermir. Avropa və MDB məkanının orta göstəricisinə görə düşən ət norması 84 kiloqramdırsa, bizdə bu norma 30 kiloqrama bərabərdir. Süd məhsulları norması isə Avropa ölkələri arasında 300 kq - ə bərabərdirsə, bizdə bu 40 % - ə qədər azdır. Buğda, düyü məhsullarının demək olar ki, idxal hesabına olması onların qiymətinin baha olmasına səbəb olur. Bu sahədə kadrların olmaması və mütəxəsislərin də aidiyyatı qurumlara yerləşdirilməməsi bu qiymətlərin bahalığına səbəb olur. Bu sahədə bilavasitə əsas problem kadr problemidir. Kənd təsərrüfatı sferasında daha ciddi, daha savadlı kadrlara ehtiyac var. Bu dəqiqə bizə başqa sahələrdə təhsil almış mütəxəssislər yox, məhz kənd təsərrüfatı üzrə ali təhsil amış mütəxəssislər lazımdır.
Hidayət QƏRİBOĞLU
Şərhlər