Maliyyə naziri Samir Şərifov BMT Baş katibinin müavinini qəbul edib
03.02.2016 09:16 Ecoreaksiya 2368
Fevralın 2-də maliyyə naziri Samir Şərifov BMT Baş katibinin müavini, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi xanım Şamşad Axtarı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunaraq regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından rolu yüksək qiymətləndirilib.
Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Asiya və Sakit Okean ölkələrinin maliyyə nazirlərinin toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər