Kreditlər hansı halda silinə bilər? - Deputat danışdı

30.06.2015 18:10     Ecoreaksiya     2541

Son zamanlar ictimaiyyət arasında vətəndaşların banklara olan kreditlərinin bağışlanacağı ilə bağlı şayiələr dolaşır. ANS PRESS-in "qaynar xətti"nə mürəciət edən paytaxt sakinləri iyul ayının birindən etibarən kreditlərin silinəcəyi ilə bağlı məlumatlar olduğunu söyləyirlər. Ancaq rəsmi şəxslər bu cür şayiələrin əsasının olmadığını deyir. 

ANS PRESS-ə açıqlama verən parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov kreditlərin bağışlanılması üçün ilk növbədə tədqiqat aparılmalı olduğunu vacib sayır. Deputatın sözlərinə görə, əgər doğurdanda vətəndaşın ödəmə qabiliyyəti yoxdursa, o zaman əlbətdə həmin məsələyə baxmaq olar. Yox, əgər bank müştərisi krediti istirahət və ya digər belə məqsədlər üçün alıbsa, onun kreditinin bağışlanılması düzgün deyil. 

Deputatın fikrincə, kreditlərin qaytarılması vergi ödəyiciləri ilə əlaqədar bir məsələdir. Yəni, bu, çox ciddidir. "Kreditlərin bağışlanılması birbaşa Mərkəzi Bank və ölkədə fəaliyyət göstərən bankların işidir. Mən inanmıram ki, dövlət bu səviyyədə məsələyə qarışsın. Dünya təcrübəsində kreditlərin silinməsi məsələsinə baxılır. Ancaq xarici ölkələrdə daha çox dövlət müəssisələrin borcları silinir. Bizdə isə söhbət özəl banklara borclu olan insanların kreditlərinin silinməsindən gedir. Ancaq buna da baxıla bilər. Çünki ölkədə kredit borclarının həcmi həddən artıq yüksəkdir və 1,5 milyard dollara çatır. Bu kreditlər bağışlanarsa hansı strukturdan istifadə olunacaq? Bu mənə də maraqlıdır. Açıq qalan məsələlər ondan ibarətdir ki, dövlət müəssisələri nə qədər, qeyri-dövlət müəssisələri nə qədər krediti silinəcək? Fiziki və hüquqi şəxslər üçün bu qayda necə tətbiq olunacaq? Bu sualları analiz etdikdən sonra daha dəqiq fikir yürütmək olar". 

Millət vəkilinin sözlərinə görə, dövlət şirkətlərinin kreditlərinin silinməsi məsələsinə baxıla bilər. Vahid Əhmədov hesab edir ki, indiki məqamda bu daha ağlabatandır: "Dövlət zəmanəti hesabına verilən və geri qaytarılması zamanı gecikmə yaranan kreditlərin silinməsi mümkün ola bilər. Dövlət bu barədə qərar qəbul edərək kreditləri bağışlaya bilər. Ancaq fiziki şəxslərin kreditlərinin silinməsi məsələsi özəl bankların səlahiyyətindədir. Problemli kreditlər uzun müddət belə qala bilməz. Əgər kreditlər ödənilmirsə, banklar güzəştə getməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin də qərarı var. Dollarla verilən kreditlərlə bağlı qərar qəbul ediləndə bildirildi ki, banklar müəyyən güzəştlər etməlidir. Bu məsələ bankların işidir və onlar məsələnin həlli üzərində ciddi işləməlidir", - deyə millət vəkili əlavə edib.

Ölkədə fəaliyyət göstərən aparıcı banklardan birinin kreditoru Vasif Qarayev ANS PRESS-ə açıqlamasında söyləyib ki, hələlik nə Mərkəzi Bankdan, nə də başqa bir qurumdan banka hər hansı bildiriş verilməyib. Kreditor kreditlərin bağışlanılması ilə bağlı banka hələlik bir qərarın daxil olmadığını vurğulayıb.

Şərhlər