ABŞ-ın paytaxtında Vaşinqton şirkətləri üçün Azərbaycanın biznes mühiti barədə təqdimat keçirilib
06.02.2016 05:28 Ecoreaksiya 1271
Fevralın 4-də ABŞ Ticarət Nazirliyi və Vaşinqton şəhəri Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş ABŞ şirkətləri üçün yeni ticarət imkanlarına həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimat keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, adıçəkilən tədbir Vaşinqton şirkətləri üçün xarici ölkələrin biznes mühiti barədə görüşlər silsiləsinə daxildir. Bu görüşlər Vaşinqton iş adamları üçün maraq kəsb edən regionlara həsr edilir. Vaşinqtonun diplomatik və biznes dairələrinin nümayəndələrinin qatıldığı bu tədbir zamanı Azərbaycanla yanaşı Gürcüstan və Oman Sultanlığının da təqdimatı keçirilib.
Tədbir zamanı Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək, ölkəmizin strateji əhəmiyyəti və son illər əldə edilmiş nailiyyətləri barədə tədbir qonaqlarına məlumat verib. Diplomat qısa olaraq ölkəmizin tarixi və Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq barədə, həmçinin Azərbaycan rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun liderinə çevrilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurumboru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu və bu əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Azərbaycanda 250-dən çox ABŞ şirkətinin qeydiyyatdan keçdiyini deyən səfirliyin nümayəndəsi tərəflər arasında enerji, informasiya-kommunikasiya texnologiyaları, sənaye, nəqliyyat, tikinti və maliyyə xidmətləri sahəsində sıx əlaqələr qurulduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Bundan sonra çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbir çərçivəsində ölkəmizin biznes mühiti, o cümlədən Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən sərmayə layihələri ilə bağlı ətraflı məlumat verib. O, ölkəmizdə xarici investorlar üçün yaradılan şərait və aparılan islahatlardan danışaraq, Azərbaycanın bu baxımdan cəlbedici ölkə olduğunu vurğulayıb. S.Sadıqova amerikalı iş adamlarını Azərbaycanla fəal əməkdaşlığa dəvət edərək, ABŞ-Azərbaycan Ticarət Palatasının bu kontekstdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Qonaqlara həmçinin Azərbaycanın iqtisadi potensialı, ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi və genişlənən turizm imkanları haqqında bukletlər və digər çap materialları paylanılıb.
Şərhlər