Natiq Əmirov: “Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı ilk 40 dövlət arasındadır”
06.02.2016 16:10 Ecoreaksiya 1342
“2016-cı il başlayandan Azərbaycan prezidenti bu vaxta qədər həyata keçirilən islahatları daha qətiyyətlə və daha sürətlə aparmaq istiqamətində tədbirlər görür. Təkcə yanvar ayında bu istiqamətdə bir neçə qanun, fərman və sərəncam imzalanıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib. O bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təşkili, bununla bağlı hüquqi aktların hazırlanması üçün prezidentin fərmanı ilə işçi qrupu yaradılıb: “İşçi qrupu həm Palatanın nizamnaməsini, eyni zamanda, onun fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlayır. Palata öz fəaliyyətində həm sığorta, həm bank, həm qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Həmçinin işçi qrup Mərkəzi Bank ilə Palata arasında funksiyaların dəqiq sərhədlərini müəyyənləşdirməklə bölgü həyata keçirən normativ aktlar da hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçıdır, eyni zamanda, monitar siyasəti həyata keçirən qurumdur. Bankların maliyyə bazarının, inflyasiyanın, qiymətlərin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu, əhəmiyyəti olduğu kimi qalır”.
Prezidentin köməkçisinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə minən gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv olunacaq: “Amma yeni dövlət orqanı yaradılmır. Fərmandan göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir. Bu, özü özünü maliyyələşdirən bir qurumdur. Yəni, bu qurumun fəaliyyəti üçün dövlətdən vəsaitin ayrılması nəzərdə tutulmur. Bu Palata əsasən üzvlərinin, onun nəzarət sahəsinə aid olan qurumların üzvlük haqları və eyni zamanda, hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək. Palata kollegial orqandır, onun direktorlar şurası olacaq. Bu orqan həm maliyyə bazarlarında nəzarəti həyata keçirəcək, bu bazarın iştirakçılarına, o cümlədən banklara lisenziyalar verəcək və yaxud onların lisenziyalarını ləğv edəcək. Eyni zamanda, Palata bu sahədə olan müəyyən tənzimləmə aktlarının hazırlanmasında iştirak və onlara nəzarəti təmin edəcək. Yəni, demək istəyirəm ki, “dövlət qurumları birləşdirilir” ifadəsi düzgün deyil. Yaradılan yeni qurum dövlət orqanı deyil, dövlətdən maliyyələşdirilməyəcək və bu da çox önəmli bir amildir”.
Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün prezidentin fərmanları ilə Apellyasiya Şuralarının yaradıldığını bildirən N. Əmirov qeyd edib ki, bu qurumlar dövlət-sahibkar münasibətlərinin qurulmasında çox mühüm amil olacaq. Bizim inzibati icraat haqqında Qanunumuz var. Apellyasiya Şuralarının yaradılması həmin Qanun çərçivəsində sahibkarların şikayətlərini ümumi şikayətlərdən ayıraraq fərdi qaydada baxılmasını təmin edəcək. Yəni, həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları həmin orqanların qəbul etdikləri qərarlardan, hərəkət və yaxud hərəkətsizliyindən narazı qalan sahibkarların bu orqanlara müraciət qaydasını müəyyənləşdirir. Həmin qaydaya əsasən oradakı Apellyasiya Şurası sahibkarın müraciətinə baxmalı və 3 gün ərzində ona yazılı qərar verməlidir ki, onun şikayəti təmin olunur, yoxsa təmin olunmur. Sahibkar bu qərarı aldıqdan sonra narazı qalarsa, o, cənab prezidentin yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Bu Şura aşağı apellyasiya şuralarının verdiyi qərarları dəyişə, ləğv edə, yeni qərar çıxara və yaxud zəruri hallarda cənab prezidentə müraciət etməklə müvafiq icra qurumlarına konkret göstərişlər, tapşırıqlar verə bilər. Bu sistemin yaradılması nəyi dəyişəcək? Artıq yerli icra hakimiyyəti orqanı bu müraciətə və yaxud şikayətə baxanda çox gözəl anlayacaq ki, onun bu işə baxması qanun pozuntularına və sahibkarı qane etməyən hallara gətirib çıxararsa, artıq sahibkar Prezidentin yanında Apellyasiya Şurasına müraciət edəcək. Əgər Prezident yanında Apellyasiya Şurasının qərarı ilə yerli və yaxud mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarı ləğv ediləcəksə, təbii ki, o qərarı qəbul edən, imzalayan şəxslər barədə tədbirlər görüləcək.
Burada bir mühüm məqamı da qeyd etmək istəyirəm. Bu şuralar təkcə sahibkarlara deyil, vətəndaşlara da ictimai nəzarət mexanizmlərindən istifadə etmək şansı yaradır. Artıq sahibkarların özləri bu nəzarət mexanizmlərinin iştirakçılarına çevrilir, öz müraciətlərini asanlıqla dövlət başçısına çatdırmaq imkanı əldə edirlər. Sahibkarların hüquqlarının müdafiəsi, dövlət ilə sahibkar arasında yaranan inam, etimad təbii ki, sahibkarlıq subyektlərini yeni təşəbbüslərə, sahibkarı daha arxayın şəkildə investisiya qoymağa sövq edir. Bu isə ümumi iqtisadi inkişafa təkan verir. Digər mühüm bir məqam isə odur ki, Apellyasiya Şuralarının qərarları ictimaiyyətə mütləq açıqlanacaq. Ona görə də Apellyasiya Şuralarının fəaliyyəti hər bir vətəndaş, o cümlədən sahibkar üçün tam şəffaf olacaq ki, bu, özü də ictimai nəzarəti təmin edən bir amildir”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son 10-12 il ərzində dinamik inkişaf edib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparılıb: “Bu müddətdə Azərbaycan respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi “Duing Business” hesabatında qeyd olunub, uzun illər ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider mövqeyini qoruyub saxlayıb. Artıq 7 ilə yaxındır ki, rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər təbii ki, hökumətləri qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə sövq etdi. Azərbaycan cənab prezidentin rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başladı. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin ən əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur və cənab prezident qeyd edib ki, biz ilk olaraq bu sahədə dünya standartlarını tətbiq etməklə maliyyə sabitliyini, banklarımızın, maliyyə qurumlarımızın likvidliyini təmin etməliyik və bundan sonra digər sahələr üzrə əsaslı islahatlara gedə bilərik. Bunun üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə belə bir mexanizm müəyyənləşdirildi ki, biz maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərini bir-birindən ayıraq. Mən bir neçə gündür ki, mətbuatda gedən yazılara fikir verirəm. Bu islahatlardan məqsəd heç də hansısa səlahiyyətin hansısa qurumdan alınıb digərinə vermək deyil. Əsas məqsəd şəffaf nəzarətin, - söhbət heç də sovet ideologiyasından qalan nəzarət-yoxlama metodologiyasından getmir, - maliyyə bazarını qoruyacaq bir nəzarət mexanizminin yaradılmasıdır. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatasının da məqsədi bu bazarın iştirakçılarının həm sağlam rəqabətini, həm də likvidliyini qorumaq və bunun üçün nəzərdə tutulan tədbirləri həyata keçirməkdir”.
Şərhlər