Tütünün qiyməti ilə bağlı yeni qərar

08.02.2016 18:58     Ecoreaksiya     1910

Şahin Mustafayev və Heydər Əsədov müəssisə nümayəndələri ilə görüşüb.

Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri I növ yaş tütünün bir kiloqramının 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), II növ yaş tütünün bir kiloqramının 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

İqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşüblər.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin də iştirak etdiyi görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib.

Tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxal rüsumundan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildirmiş və bu təkliflər müzakirə olunub.

Görüşdə vurğulanıb ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək.


Nazirlərin nümayəndələrlə görüşü

Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla I növ yaş tütünün bir kiloqramının 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), II növ yaş tütünün bir kiloqramının 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

Fevralın 5-də isə pambığın satınalma qiyməti artırılmışdı. Satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunun 470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcəyi bildirilmişdi

Şərhlər

Çox oxunanlar