Natiq Əliyev: GUAM ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli əlaqələr enerji əməkdaşlığına töhfələr verib
10.02.2016 16:31 Ecoreaksiya 1278
Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu əlaqələr enerji əməkdaşlığına töhfələr verib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu sözləri energetika naziri Natiq Əliyev GUAM-ın baş katibi Altay Əfəndiyev ilə keçirdiyi görüşdə deyib.
Görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
GUAM-ın baş katibi Altay Əfəndiyev təşkilat çərçivəsində əməkdaşlığa təkan verəcək birgə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, hazırkı geosiyasi vəziyyət əməkdaşlıq münasibətlərinə yenidən baxmağa və hər bir ölkə üçün mənfəətli addımlar atmağa imkanlar yaradır. Üzv dövlətlər də bu imkandan yararlanaraq, GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradılması kimi məsələləri nəzərdən keçirə bilərlər.
Energetika naziri N.Əliyev isə deyib ki, GUAM ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu əlaqələr enerji əməkdaşlığına töhfələr verib. Bildirilib ki, GUAM-ın regional təşkilat kimi yenidən dirçəldilməsi, regionun sabit və inkişaf edən zonaya çevrilməsi üçün dördtərəfli əməkdaşlığa rəvac verəcək sahələr və maraqların üst-üstə düşdüyü layihələr üzərində məsləhətləşmələr aparılmalı, görüşlər keçirilməlidir.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Şərhlər