Məşhurlar da qənaət edir - devalvasiya dərs verir...

16.02.2016 00:27     Ecoreaksiya     1148

Mehriban Vəzir: “Biz iki ildir ki, qənaət rejimində yaşayırıq”
 
Aqşin Yenisey: “Devalvasiyanın mənim şəxsi həyatıma heç bir təsiri yoxdur”
 
Şahbaz Xuduoğlu: “Xaricə getmək üçün əvvəlcədən bilet alıram”
 
İlhamiyyə Rza: “Qənaət olunası xərcləri tamamilə ləğv etmişəm”
 
Devolvasiyadan sonra ölkədə başlayan bahalaşma və gəlirlərin azalması hələ də davam edir. Bir müddət bundan əvvəl hökumət qənaət rejiminə keçdiyini bəyan etdi. Artıq cəmiyyətdə hər kəs böhranla ayaqlaşmağa, həyat tərzini qənaət rejimi ilə tənzimləməyə çalışır. Bəs görəsən, məşhurlar nələrdə qənaət edirlər? Məsələ ilə bağlı bir sıra tanınmışların rəyini öyrəndik. 
 
Yazıçı-publisist, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Mehriban Vəzir bütün məsələlərdə qənaət rejiminə keçdiyini deyib: “Qeyri hökumət təşkilatı olaraq artıq iki ildir ki, böhran içindəyik. Yəni, iki ildir ki, qənaət rejimində yaşayırıq. Gündəlik lazım olan tələbatlarda, o cümlədən kommunal xidmətlərdə qənaət edirik. Bir sözlə, sağlamlığımıza təsir etməyəcək səviyyədə hər şeyə qənaətlə yanaşırıq. 
 
Ölkədə istehsal yoxdur, manat çox böyük risk altındadır və bu cəmiyyətdə böyük ümidsizliyin yaranmasına səbəb olur”. 
 
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu: “Əvvəllər mən marketə girəndə ərzaq və digər məhsullardan daha çox alar, bəzən bunun fərqinə varmazdım. Lakin indi alış-verişi məhdud sayda edir, konkret bu günə lazım olmayan məhsullara əlavə xərc çəkmirəm. Artıq xaricə getməyi əvvəlcədən planlaşdırıram, çünki əvvəldən bilet alanda nisbətən ucuz olur”.
 
Şair Aqşin Yenisey isə devalvasiyanın onun şəxsi həyatına heç bir təsir etmədiyini deyib:
“Bəlkə də siqaret çəksəydim siqareti, içki içsəydim içkini azaldardım. Yəni, hiss etmirəm. Ya mənim dəyərlərim tamamilə fərqlidir, maddi nemətlərlə ölçülmür, ya da ki, bu işlə evdəkilər məşğul olurlar deyə mənim xəbərim yoxdur”.
 
Tanınmış telejurnalist İlhamiyyə Rza qənaət edilməsi mümkün olan  bütün xərcləri tamamilə ləğv etdiyini bildirib:  “Qalıb ancaq həyat üçün vacib olan qida və kommunal xərclər”.
 
Musavat.com

Şərhlər

Çox oxunanlar