İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

ANS PRESS-in məlumatına görə, nazir Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini, layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. 


(Azərbaycan (sağda) və Dünya Bankının (solda) nümayəndə heyətləri)

Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu söyləyən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. İndi 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.

Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Ş.Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini açıqlayıb.


(Şahin Mustafayev)

O, Dünya Bankı ilə əməkdaşlığın inkişafında Henri Keralinin səmərəli fəaliyyətini təqdir edib, göstərdiyi səylərə görə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ümumiyyətlə, H.Keralinin Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində Dünya Bankı ilə əlaqələr daha da genişlənib, 600 milyon dollar həcmində 6 layihə maliyyələşdirilib. 

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə edərək, Azərbaycanda Dünya Bankı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayıb. O, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini söyləyib.


(Henri Kerali)

Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. 

Ümumiyyətlə, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnkişaf Bankının üzvü olub. Azərbaycanın bank sistemi Mərkəzi Bank, kommersiya bankları və bank olmayan kredit təşkilatlarından ibarətdir. 1992-ci ildən Mərkəzi Bankı Azərbaycan manatını tədavülə buraxıb və bütün kommersiya banklarlarına nəzarət edir.


(Dünya Bankının mərkəzi ofisi)