Tahir Kərimli: “Bu vəsait zərərçəkənlərə mütləq ödənməlidir”

28.02.2016 19:02     Ecoreaksiya     1357

“Birinci növbədə məhkəmə qərarı iləinsanların banka etibar edərək qoyduğu əmanət qaytarılmalıdır. Bu, maliyyə sözsüz ki, əvvəlki kursla geri qaytarılmalıdır. Yox əgər, həmin bank və ya onun filialı bu pulu geri qaytara bilmirsə, dövlət vətəndaşlara dəyən ziyanı ödəməlidir. Nəyin bahasına olursa-olsun, bu, baş verməlidir. Görünür, banka nəzarət zəif olub ki, onlar istədiklərini edib, ora qoyulan vəsaiti hansısa istiqamətə yönəldərək daşınmaz əmlaka sahib olublar. Vaxtında ciddi nəzarət olsaydı vətəndaşlar indi pis vəziyyətdə qalmazdılar”.  Bunu Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli “Texnikabankın” Bakı filialında 81 vətəndaşın qoyduğu 38 milyon manat vəsaitin yeyilməsinə münasibət bildirərkən deyib.  Xatırladaq ki, bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun  kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub. 81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan gəlir hesabına zərərçəkmişlərə dəyən ziyan ödənilməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. 81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.   Millət vəkili hesab edir ki, bütün hallarda 81 vətəndaşın həmin bankın müvafiq filialına qoyduğu maliyyə ödənməlidir: “Mən bilmirəm bunun üçün fond yaradıla bilər, dövlət banka vəsait ayıra bilər, həmin şəxsin əmlakı bu işə cəlb edilə bilər  və s. Yəni müxtəlif yolları var. Ancaq son nəticədə bu vəsait zərərçəkənlərə ödənməlidir”. Ali Məhkəmənin sabiq sədri hesab edir ki, əgər vətəndaşların qoyduğu əmanət hesabına banka qoyulan maliyyədən daşınmaz əmlak alınıbsa və bu sübuta yetirilirsə, məhkəmə bu əmlakı icraya yönəltməlidir: “Apelyasiya məhkəməsinin müvafiq qərarı var. Fikrimcə, burada Konstitusiya Məhkəməsinin qərarları ola bilsin ki, kifayət qədər deyil. Ona görə aidiyyəti orqanlar yeri gələndə Konstitusiya Məhkəməsinə bu cür vəziyyətə aydınlıq gətirmək üçün müraciət edə bilərlər. Amma hər bir halda vətəndaş-dövlət münasibətlərindən vətəndaş ziyan çəkə bilməz. Bu məsələlərdə dövlət təminatçı rolunu oynamalıdır”. Tahir Kərimli hesab edir ki, əgər 81 nəfərin 38 milyon manatını mənimsəyən bankın müvafiq filialının rəhbəri və ya onun yaxını vətəndaşa dəyən ziyan ödənilmədiyi təqdirdə azadlığa buraxıla bilməz: “Mənimsənilən vəsaitin məbləği yüksəkdirsə, onu yeyənin azadlığa buraxılmasına qanun imkan vermir. Əgər yeyintinin məbləği 38 milyon manatdırsa, bu halda kimsə azad edilə bilməz. O, azadlığa necə buraxıla bilər? Düzdür, bu məsələ daha çox məhkəmə mühakiməsinə aiddir. Ancaq məntiq və qanunla bu ağlasığmaz bir şeydir. Həmin şəxs insanlara vurduğu ziyanın məbləğini tam ödəməlidir. Lazım gəlsə, bunu etmək üçün onun əmlakını ziyan çəkənlərin müdafiəsinə yönəltmək lazımdır. Təcrübələr fərqlidir. Bəzən görürsünüz ki, ata aliment ödəmir, hətta qaçıb gizlənir. Bu halda dövlət alimenti ödəyir və gələcəkdə bu məbləği atadan alır. İndi də, bu işdə dövlət qoyulan əmanətləri ödəyə, sonra isə bunu həmin şəxsdən ala bilər. Lazım gəlsə, dövlət həmin şəxsləri cəzaçəkmə müəssisəsində 10 il işlədər və haqqını ödətdirər”. - See more at: http://teleqraf.com/news/89186#sthash.8AvEn2eK.dpuf

Şərhlər

Çox oxunanlar