Neftimiz 2 dollardan çox ucuzlaşdı

04.07.2015 13:10     Ecoreaksiya     2086

Azərbaycanın yüngül neftinin qiyməti ucuzlaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 2,32 dollar (3,64%) azalıb. Hazırda Azərbaycanın yüngül neftinin qiyməti bir barel üçün 61,29 dollar təşkil edir. 

Dünya bazarlarında da neftin qiymətində eniş qeydə alınıb. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində azalma müşahidə edilir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,48% azalaraq 55,52 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,82% ucuzlaşaraq 60,32 dollar olub.



Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşə bilər.

Şərhlər