Əhali kredit almaqdan çəkinir - Müştərilər 5 dəfə azaldı
11.03.2016 10:22 Ecoreaksiya 1368
Son bir ildə Azərbaycanda kredit götürmək üçün banklara müraciət edənlərin sayı bir neçə dəfə azalıb. Fins.a-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) hesabatında bildirilir.
Hesabata əsasən, 2016-cı ilin yanvar ayında banklar tərəfindən MKR-ə cəmi 64 338 sorğu göndərilib. Ötən ilin yanvarında isə belə müraciətlərin sayı 322 947 idi.
Xatırladaq ki, banklar MKR-ə sorğunu müştərilər barədə kredit məlumatlarını öyrənmək üçün göndərirlər. Yəni, bankların MRK-ə göndərdiyi sorğuların sayı, əslində kredit üçün banka müraicət edənlərin sayını göstərir. Başqa sözlə, ötən ilin yanvarı ilə müqayisədə kredit üçün müraciət edənlərin sayında 5 qat azalma var.
Qeyd edək ki, dekabr ayında kredii üçün müraciətlər 154 minə yaxın idi. Bu mənada yanvar ayında kredit müraciətləri dekabr ayına nisbətən 2 dəfə azalıb.
MRK-in məlumatlarına görə, yanvar ayı ərzində ilk dəfə kredit alan müştərilərin sayı son illər ərzində ən aşağı həddə düşüb. Belə ki, yanvar ayında cəmi 5074 nəfər fiziki şəxs kredit alıb. Bu göstərici əvvəlki aylarla müayisədə dəfələrlə aşağıdır. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında kredit alanların sayı 25 min nəfərdən artıq idi. Son aylar – noyabr-deyabrda kredit alanların sayı əvvəlki aylara nisbətən az olsa da, yenə də, 12-13 min ətrafında dəyişirdi. Yanvarda isə kredit alanların sayının 5 minə düşməsi kredit verilməsinə həm bankların, həm də müştərilərin ehtiyatla yanaşmasının səbəbidir.
Kredit götürənlərlə yanaşı, zaminlərin də sayında kəskin azalma var. MKR-in məlumatlarına görə, yanvar ayında kredit götürən müştərilərə zamin dayananların sayı cəmi 551 nəfər olub. Qeyd edək ki, zaminlərin sayı müxtəlif aylarda müxtəlif səviyyədə olub. Bəzi aylarda bu rəqəm 5-6 min, müxtəlif vaxtlarda isə 12-25 min arasında dəyşib. Yanvarda qeydə alınan göstərici isə bu sahədə son illər müşahidə edilən ən aşağı göstəricidir.
(Fins.az)
Şərhlər