ABŞ Energetika Nazirliyinin hesabatı reallığı əks etdirmir - RƏY
11.03.2016 17:40 Ecoreaksiya 1261
Azərbaycanda neft hasilatı cari ildə 800 min bareldən bir qədər artıq olacaq.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) mart ayı üzrə hesabatını təhlil edərkən deyib.
“2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 mln. barrel təşkil edəcəyi ilə bağlı məlumat tamamilə səhvdir. Hesabat günün reallığını əks etdirmir. Azərbaycanda neft hasilatı cari ildə 800 min bareldən bir qədər artıq olacaq. ”, - deyə İ.Şaban qeyd edib.
Bundan başqa, mütəxəssis BP-nin “Qərbi Azəri” və “Günəşli”də həyata keçirməyi nəzərdə tutduğu profilaktik tədbirlərin hasilata təsirlərini də şərh edib:
“BP hər il profilaktiv işlər həyata keçirir. Ötən ildə şirkət “Şahdəniz” və “Çıraq” platformalarında hasilatı dayandırmışdı. Bu tədbirlər hasilatın təhlükəsiz, ekoloji, texniki baxımdan davam etdirilməsi üçün dövri olaraq davam etdirilir.
Bu isə öz böhrəsini müsbətə doğru verir. Belə ki, şirkət 1997-ci ildən Azərbaycanda hasilatı davam etdirir. 19 ildə isə hansısa bir platformada ekoloji, texniki problemlər baş verməyib. Amma bununla belə, bu, hasilata təsir edir.
Ancaq bu əvvəlcədən plana salınmış olur. Məsələn, 2015-ci ilin dekabrında şirkətin 2016-cı il üçün hasilat proqramı tərtib olunur. Bu tərtib olunanda həmin işlər hasilat proqramında öz əksini tapır. Məsələn, orda göstərilir ki, 14 gün hasilat dayandırılacaq”.
Qeyd edək ki, 2016-cı ildə EİA-nın məlumatına görə, Azərbaycanda neft hasilatı sutkada 0,81 mln. barel təşkil edəcək. Hesabatda qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,8 mln. barel səviyyəsində olacaq.
2015-ci ildə Azərbaycan sutkada 0,86 mln. barel neft hasil edib.
Xatırladaq ki, bundan öncə EIA 2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 mln. barel təşkil edəcəyini proqnozlaşdırıb.
İdarənin 2017-ci il üzrə proqnozunda isə qeyd edilib ki, Azərbaycanda neft hasilatı sutkada 0,86 mln. barel təşkil edəcək.
Hesabat müəllifləri qeyd edir ki, I və II rübdə Azərbaycan sutkada 0,8 mln. barel, III rübdə 0,81 mln. barel, IV rübdə isə 0,84 mln. barel neft hasil edəcək.
Bundan başqa, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki rəhbəriQordon Birrel Reuters-ə bildirib ki, 2016-cı il ərzində texniki işlərin həyata keçirilməsi üçün Azərbaycanda iki dəniz platformasında işlər dayandırılacaq.
Şərhlər