Vergilər nazirliyi 6 mindən çox vergi ödəyicisini məsuliyyətə cəlb edib

06.07.2015 13:22     Ecoreaksiya     2105

Bu il Azərbaycanda 6 mindən çox vergi ödəyicisi qanunvericiliyi pozub.

 

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin iyun ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 6 119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

 

1 458 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 271 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1 080 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

 

487 vergi ödəyicisi tərəfindən 772 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 372 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 87 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

 

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

Şərhlər