Lizinq şirkətlərinin sevimli "site under construction" ifadəsi - ARAŞDIRMA

08.07.2015 15:36     Ecoreaksiya     2272

Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinin internet saytlarının vəziyyətləri acınacaqlı durumdadır.

 

"APA-Economics"in bununla bağlı apardığı araşdırma göstərir ki, lizinq bazarı iştirakçılarının bəzilərinin ümumiyyətlə saytı yoxdur, bəzi lizinq şirkətlərinin saytları isə fəaliyyətsiz durumdadır.

 

Beləliklə, qısaca bir-bir lizinq şirkətlərinin saytlarının vəziyyətinə nəzər salaq.

 

 

"AGLeasing"

 

Şirkət 2005-ci ildən fəaliyyət göstərir. Düzdür, bu məlumatı başqa vasitələrlə tapdım, çünki şirkətin saytı yenilənmə mərhələsindədir. Saytı yeniləyən şəxslər vəd verir ki, "bir müddət sonra sayt hazır olacaq". Məşhur "Site under construction. Check back soon!" ifadəsi bunu deməyə əsas verir.

 

Belə olan halda, şirkətin əlaqə vasitələri, maliyyə hesabatları və ümumiyyətlə fəaliyyəti qaranlıq qalır.

 

 

"AtaLizinq"

 

Bu şirkət barəsində də informasiyanı öz saytından deyil, onun daxil olduğu “AtaHolding”in saytından tapdıq. Qeyd edilir ki, holdinqə aid olan “AtaLizinq” 2004-cü ildə “AtaHolding” ASC (64%) və “AtaBank” ASC (36%) tərəfindən təsis edilib. Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir. 

 

İnformasiyanın altında lizinq şirkətinin saytı da yerləşdirilib - www.atalizinq.az. Lakin sayt işlək vəziyyətdə olmadığından ora daxil olmaq xüsusi istedad tələb edir ki, bu da bizdə yoxdur.

 

 

"KredAqro"

 

"KredAqro" bank olmayan kredit təşkilatı olsa da, lizinq xidmətləri də göstərir. Şirkətin saytı normal fəaliyyət göstərir: burada mütəmadi olaraq xəbərlər yenilənir, rəhbərlik bölümündə bütün lazımi informasiya var, üstəlik maliyyə hesabatları da resursa yüklənib.

 

 

"Qafqaz Lizinq"

 

Lizinq bazarının aktiv iştirakçılarından biri olan şirkətin saytı var. Burada şirkətin fəaliyyət istiqaməti, məhsulları və digər məsələlərdən agah olmaq mümkündür. Ümumilikdə sayt normal fəaliyyət göstərsə də, burada rəhbərlik bölümündə Müşahidə Şurası və İdarə Heyəti barəsində informasiya əldə etmək mümkün deyil. Bununla yanaşı, saytda şirkətin ən son 2013-cü il üzrə maliyyə hesabatı dərc olunub, 2014-cü ilin hesabatı isə yoxdur.

 

 

"UniLeasing"

 

Şirkətin saytı olduqca rəngarəng və maraqlı görünür. Lazım olan informasiyaları əldə etmək asandır.

 

Şirkətin təsisçiləri haqqında detallı məlumat göstərilsə də, rəhbərlik barədə heç bir informasiya yoxdur.

 

Bununla yanaşı, şirkətin maliyyə hesabatları da saytında dərc olunmur. Bundan başqa, ən sonuncu xəbər saytda 2014-cü ilin sentyabrın 16-da dərc olunub.

 

 

"Aqrolizinq"

 

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan lizinq şirkətinin saytı normal fəaliyyət göstərir. Saytda bütün lazımi informasiyaların yer alması ilə yanaşı, maliyyə göstəriciləri də dərc olunur. İnformasiya resursunda mütəmadi olaraq, xəbərlər də yenilənir.

 

 

"Joint Leasing"

 

Bu şirkət bazarın böyük bir qisminə nəzarət edir. Şirkətin səhmdarları Azərbaycan Beynəlxalq Bankı (səhmdar kapitalının 47,6%-nin sahibi) və Böyük Britaniyanın "DH Leasing Ltd." şirkətidir (52,4%).

 

Şirkətin saytında yer alan məlumata əsasən, səhmdarların qərarı ilə 2013-cü ilin avqust ayında nizamnamə kapitalının həcmi 1,26 mln. manata qədər artırılıb.

 

Saytda şirkətin fəaliyyəti, o cümlədən lizinq bazarına dair bir sıra maraqlı informasiyalar yer alıb. Şirkətin rəhbərliyi barədə də olduqca aydın informasiya var.

 

Maraqlıdır ki, saytda 2014-cü ilin hesabatı gözə dəymir. Ən son statistik göstəricilər 2013-cü ilin yekunlarına həsr olunub.

 

Bununla yanaşı, şirkətin saytına sonuncu xəbər 2014-cü ilin fevralın 27-də qoyulub.

 

 

Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası

 

Yuxarıda qeyd olunan şirkətlərin hamısı ALŞA-nın üzvləridir. Maraqlıdır ki, assosiasiyasının saytı bir çox üzvlərinin saytı kimi fəaliyyət göstərir. Məsələn, ALŞA-nın saytında yer alan sonuncu xəbər 2009-cu ilin aprelin 21-ə təsadüf edir. Üstündən 6 il keçib... Həmin xəbərə əlavə olunmuş fotoya diqqətlə baxsaq lizinq sektorunun başbilənlərinin gənclik fotolarını görmək olar.

 

Saytda "Lizinq bazarının icmalı" bölümünə nəzər salanda məlum olur ki, ALŞA sonuncu dəfə bazarın icmalını 2010-cu ildə aparıb.

 

Yeri gəlmişkən, ALŞA-nın rəhbəri "Joint Leasing" şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədovdur.

 

 

ALŞA-NIN ÜZVÜ OLMAYANLAR

 

 

"Ansar Leasing"

 

Şirkətin saytında onun fəaliyyətini əks etdirən bir sıra informasiyalar yer alsa da, maliyyə göstəriciləri və rəhbərliyi barədə xəbər əldə etmək mümkünsüzdür. Bununla yanaşı, şirkət 2011-ci ildə saytında 3 xəbər yerləşdirərsə də, daha sonra bu "vərdişi" unudub.

 

 

"MCB Leasing"

 

Şirkətin saytında bütün lazımi informasiyalar əks olunub. Düzdür, saytda xəbərlər bölümü olmasa da, maliyyə göstəriciləri mütəmadi olaraq yenilənir. 

 

Saytda rəhbərlik barədə informasiya olmasa da, təsisçilər haqda xəbər var.

 

 

"Finanslizinq"

 

Bu şirkətin saytında da onun fəaliyyəti barədə informasiyalar yer alsa da, "Finanslizinq"in maliyyə hesabatları, o cümlədən rəhbərliyi barədə xəbər əldə etmək mümkün deyil.

Şərhlər