OPEC-in iclası niyə gecikir?
17.04.2016 14:09 Ecoreaksiya 1349
Səudiyyə Ərəbistanı son anda sənədə düzəliş edilməsini xahiş edib.
Bu gün Qətərin paytaxtı Dohada baş tutması nəzərdə tutulan OPEC-ə üzv ölkələr və təşkilata üzv olmayan neft hasil edən ölkələrin toplantısı gecikir. ANS PRESS-in “reuters” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanının sazişə dəyişiklik etməsidir.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı planlaşdırılan danışıqların başlamasına bir neçə dəqiqə qalmış sənədə düzəliş edilməsini xahiş edib və bu səbəbdən də iclasın vaxtı dəyişdirilib.
OPEC-ə üzv və qeyri üzv ölkələr 2014-cü ilin iyun ayından 2 dəfə ucuzlaşmış neft qiymətlərinin qalxmasına təkan verməyə çalışır. Neft ixracatçıları neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağı təklif edirlər.
Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə Ərəbistanı, Qətər vəVenesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçıların da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar. OPEC-in budəfəki iclasına ümumilikdə 18 ölkə qatılır. Norveçvə Liviya isə toplantıda iştirakdan imtina edib.
İndiyə qədər İran OPEC-ə üzv-dövlətlərin neft hasilatının azaldılması barədə razılığa qoşulmaqdan imtna edirdi. Sanksiyalaradan yenicə azad olmuş İran neft hasilatını artıracağını bəyan etmişdi. Bu dəfə isə Dohadakı toplantıda OPEC-ə üzv və qeyri üzv dövlətlərin hasilat həcmini artırmamaqla bağlı ortaq qərara gələcəyi gözlənilir.
Azərbaycanı bu toplantıda emergetika naziri Natiq Əliyev təmsil edir. O, TASS agentliyində müsahibəsində Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib: "Azərbaycan Dohada neft ixrac edən digər dövlətlərlə razılşmanı imzalamaq niyyətindədir. Dohada imzalanacağı planlaşdırılan neft hasil edən ölkələrin razılaşması, hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə "dondurulmasını" nəzərdə tutur".
Energetika naziri deyib ki, neftin qiyməti razılaşma imzalandıqdan sonra 2016-ci ilin axırına $50-a çatacaq: "Qiymət nə qədər yüksək olsa, o qədər yaxşı. Amma biz hesab edirik ki bu ilin axırına kimi qiymət $50-a kimi qalxacaq, gələn ildə isə bizimçün münasib səviyyə bir barel üçün $60 olacaq".
Onu da bildirək ki, Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakdünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək Dohada keçiriləcək toplantıdan öncə azərbaycanlı həmkarı Natiq Əliyevlə görüş keçirməyi təklif edib.
Şərhlər