Natiq Əliyev: "Doha görüşünün uğurla nəticələnməsinə OPEC daxilindəki ziddiyyətlər mane oldu"

19.04.2016 17:33     Ecoreaksiya     1140

"Doha görüşünün uğurla nəticələnməsinə kartel daxilindəki ziddiyyətlər mane oldu".

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu nazir Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilən görüşünün yekunlarını qiymətləndirərkən deyib.

Nazirin sözlərinə görə, dünya bazarında neftin qiymətini sabitləşdirmək məqsədilə Dohada imzalanacağı planlaşdırılan saziş hasilat həcminin oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanmasını nəzərdə tuturdu" "Belə bir sənədin qəbulu həm OPEC-ə üzv, həm də qeyri-üzv ölkələr üçün ciddi siqnal ola bilərdi. Görüşə dəvət edilən istehsalçı və ixracatçı ölkələrə təqdim edilən saziş layihəsində iştirakçıların neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaqla bağlı razılaşdıqları, bu qərarı qəbul edən ölkələrin götürdüyü öhdəliklərə sadiqliyinə nəzarət edilməsi və digər ölkələrin də bu prosesə cəlb olunması istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar yüksək səviyyədə monitorinq komitəsinin yaradılması, sənədin qüvvəyə minməsindən sonra neft bazarında  yarana biləcək dəyişiklikləri təhlil etmək üçün işçi qruplarının formalaşdırılması və sair bu kimi məqamlar əksini tapırdı. Bizə təqdim edilmiş, razılaşdırılmış və müzakirəyə çıxarılacaq layihə bundan ibarət olsa da, elə aprelin 16-da OPEC üzvləri Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela təmsilçiləri arasında görüşdən sonra səsləndirilən bəyanatların məzmunu, üstəlik sammitin Səudiyyə Ərəbistanı, Qətər və İran hökumətləri ilə məsləhətləşmələrin aparılması səbəbindən 6 saat gecikmə ilə başlanması Doha görüşünə olan ümidlərin artıq özünü doğrultmayacağından xəbər verirdi. Toplantıda iştirakçılara yeni saziş layihəsinin təqdim olunması isə bunu bir daha təsdiqlədi".

N. Əliyevin sözlərinə görə, layihənin yeni variantında OPEC üzvü olan bütün dövlətlərin neft hasilatını "dondurmaq" haqqındakı razılaşma sənədini imzalamasının mütləqliyi, yalnız bundan sonra sazişin işlək sayılacağı vurğulanıb. Səudiyyə Ərəbistanının nümayiş etdirdiyi belə bir mövqe iştirakçı ölkələrin narazılığı ilə qarşılanıb. Neft hasilatının sabit səviyyədə saxlanması təklifinin təşəbbüskarı, Rusiyanın energetika naziri Aleksandr Novak "Toplantıya müzakirəyə yox, imzalamağa gəlmişik" deyə etiraz edib.

Onun sözlərinə görə, gərgin keçən iclasda ziddiyyətlər özünü hasilatın hansı səviyyədə saxlanmasına dair aparılan müzakirələrdə də göstərib. Belə ki, hasilatın yanvar, mart, hətta 3 aylıq göstəricilərə uğun səviyyədə dondurulması təklifləri səsləndirilib. "Lakin ümumi razılaşma əldə edilmədiyindən neft hasilatçılarının vaxta ehtiyacının olması nəzərə alınaraq növbəti görüşün iyunda keçirilməsi qərara alınıb", - deyə nazir əlavə edib.

N. Əliyev hesab edir ki, razılaşma əldə olunsaydı, bu, OPEC üzvü və qeyri-üzv ölkələrin ümumi məqsədlər naminə bir araya gələrək, əməkdaşlıq etməsi baxımından Neft İxrac Edən Ölkələrin Birliyi tarixinə yazılcaq ilk görüş olacaqdı: "Gündəlik hasilatı 97 milyon barel olan, dünya hasilatının üçdə birinə nəzarət edən OPEC neftin qiymətinin tənzimlənməsində həlledici  mövqe nümayiş etdirməklə, digər neft hasilatçılarının, o cümlədən  Azərbaycanın da maraqlarına cavab verən qərarın qəbuluna nail ola bilərdi. Bununla qurum dünya neft bazarında söz sahibliyinə malik olduğunu nümayiş etdirmiş olardı. Lakin belə bir addımın atılmaması göstərib ki, OPEC buna hazır deyil. Burada da məhz geosiyasi faktorların rolu danılmazdır".

Neftin aşağı qiymətinin həm istehsalçı, həm də istehlakçı ölkələr üçün sərfəli olmaması səbəbindən tənzimlənmənin mütləq vacibliyini qeyd edən energetika naziri güman edir ki, buna real imkanları olan ölkələr neft hasilatını artırmaqda davam edəcək: "Bu ölkələr ən böyük neft hasilatçıları olan Səudiyyə Ərəbistanı, İran və Liviyadır. Belə ki, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 12,5 milyon barrelə, İran isə emabarqodan əvvəlki səviyyəyə,  4 milyon barrelədək artırmaq niyyətlərini bəyan edir. Göründüyü kimi, neftin qiymətinə təsir etmək gücündə olan ölkələr arasındakı fikir ayrılıqları neft hasilatında azalmanı təmin edəcək  hər hansı uzlaşmanı qeyri-mümkün edir. Digər neft istehsalçısı olan ölkələrin hasilatında isə artım gözlənilmir".

Qeyd edək ki, Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və  Rusiyanın nümayəndələri də iştirak edirdilər. Sözügedən iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilib.

Şərhlər

Çox oxunanlar