"Azneftyağ"ın ləğv ediləcəyi vaxt açıqlandı

11.05.2016 20:41     Ecoreaksiya     1415

Müəssisə 2018-ci ilin yayında "Bakı Ağ Şəhər" layihəsinin icrasına veriləcək.

"Azneftyağ"ın ərazisi 2018-ci ilin yayında Bakı Ağ Şəhər layihəsinin icrasına veriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Bakı Ağ Şəhər layihəsinin sürətlə həyata keçirilməsinə maneə törədən amillərdən biri həmin ərazidə "Azneftyağ" müəssisəsinin bir neçə qurğusunun fəaliyyət göstərməsidir.

"Söhbət bitum qurğusundan və neftin ilkin emalı ilə məşğul olan qurğulardan gedir. Bildiyimiz kimi, "Azneftyağ" olduqca köhnə zavoddur. Əslində, ötən ilin yanvarından bu zavodun istismar müddəti başa çatıb. Amma sözügedən qurğular hələ də fəaliyyət göstərir".

Onun sözlərinə görə, hazırda Heydər Əliyev adına neft emalı zavodunda sürətlə yenidənqurma işləri aparılır. 2018-ci ilin yayında istehsal gücü ildə 400 min ton olan yeni bitum qurğusu istismara veriləcək. Bundan sonra "Azneftyağ"a məxsus qurğuların istismarı dayandırılacaq və orada təmizlik işləri aparılacaq və həmin ərazi "Bakı Ağ Şəhər" layihəsinin icrasına veriləcək.

Tofiq Qəhrəmanov - SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti
Tofiq Qəhrəmanov - SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilib. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli sərəncamı ilə, ərazisindən hazırda ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilib.

Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKİNS“ (Böyük Britaniya) çıxış edir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, ABŞ-ın tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib.

 

Şərhlər

Çox oxunanlar